×
A
A
A
Sazlamalar

Ekspert: Prezident iqtisadi müşavirədə bir daha islahatların dərinləşdiriləcəyi və şəffaflığın artırılacağı mesajını verdi

Bakı, 17 oktyabr, Sevda Cəfərova, AZƏRTAC

Prezident İlham Əliyev keçirdiyi iqtisadi müşavirədə bir daha islahatların dərinləşdiriləcəyi və şəffaflığın artırılacağı mesajını verdi.
Bu sözləri AZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
“Müşavirədən aydın oldu ki, ölkədə həyata keçirilən iqtisadi islahatların real nəticəsi özünü iqtisadi artımda göstərir. Belə ki, bu ilin yanvar-sentyabr aylarında iqtisadi artımla bağlı qarşıya qoyulan hədəflərə nail olunub. Bu müddətdə ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artıb, inflyasiya 2,6 faiz təşkil etməklə idarə edilə bilən həddə saxlanılıb. Xüsusən də, bu ilin 9 ayı ərzində informasiya və rabitə sahələrində yaradılan əlavə dəyərin 16,4 faiz, kənd təsərrüfatında 7,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,9 faiz artması təqdirəlayiq haldır”.
O deyib: “Müşavirədəki çıxışlardan aydın oldu ki, həyata keçirilən iqtisadi islahatlar nəticəsində 2020-ci ildə də ölkəmizdə iqtisadi artım gözlənilir. Xüsusən də gələn il qeyri-neft sektoru üzrə 3,8 faiz artım proqnozlaşdırılır. Həmçinin növbəti ildə də inflyasiya təkrəqəmli həddə saxlanılacaq və xarici dövlət borcunun daha da azaldılması üçün fəaliyyət dərinləşdiriləcək. Bununla yanaşı, gələn il sosial sahədə başlanılan tədbirlər davam etdiriləcək və ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artımı istiqamətində iş aparılacaq. Eyni zamanda, özünüməşğulluq layihəsinin maliyyələşdirilməsinə 63 milyon manat vəsait yönəldiləcək və 11 min vətəndaşımız bundan faydalanacaq”.

İqtisadiyyat 2019-10-17 12:40:00