×
A
A
A
Sazlamalar

STP-dən önəmli nailiyyət: ASME standartına uyğun təzyiq çənləri

Bakı, 17 oktyabr, AZƏRTAC

Sumqayıt Texnologiyalar Parkı önəmli nailiyyətə imza atıb. STP-nin Ağır Maşınqayırma Zavodu ASME Code (American Society of Mechanical Engineers) standartına uyğun təzyiq altında işləyən çən istehsal edib. Təzyiq çəni Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində SOCAR-ın sifarişi əsasında hazırlanıb. Məhsulun istehsalı Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin podratçı şirkəti “Teknimont”un nəzarəti altında həyata keçirilib. Sifariş, ümumilikdə, 13 ədəd müxtəlif ölçülərdə və eyni zamanda, fərqli dizaynda çənlər istehsalını nəzərdə tutur.
STP-dən AZƏRTAC-a bildiriblər ki, ASME Code sertifikatlı təzyiq çənlərinin istehsalı ölkəmiz və eyni zamanda, Xəzəryanı ölkələr üçün də çox vacib hadisədir. Bu nailiyyət Texnopark üçün yeni imkanlar yaradır. Belə ki, müəssisə Xəzəryanı ölkələrə, Avropaya və eləcə də digər xarici dövlətlərə təzyiq çənləri ixrac edə biləcək. Bu da öz növbəsində həm şirkətin, həm də ölkənin imicinə böyük töhfə olacaq.
Bundan öncə Azərbaycanda istehsal olunmuş çənlər GOST standart əsasında istehsal olunub ki, bu da yalnız keçmiş sovet ölkələrinə satış etmək imkanı verirdi. ASME standartı ilə istehsal olunan çənlər isə dünyanın bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində həyata keçirilən irihəcmli layihələrə satış imkanı verir. ASME Code standartı ilə hazırlanmış təzyiq çənləri neftayırma zavodlarında, nasos stansiyalarında, dənizdə yerləşən neft platformalarında, gəmilərdə və. s geniş istifadə olunur.
ASME sertifikatını almaq önəmli hadisədir. Belə ki, ASME standartının maddi-texniki baza və təhlükəsizlik şərtləri çox ciddi və spesifik olduğundan hər şirkət bu sertifikatı əldə edə bilmir. ASME standart olmaqdan əlavə, həm də mədəniyyətdir.
STP adıçəkilən standarta müvafiq ASME sertifikat və aidiyyəti üzrə alt möhürlərini 2018-ci ildə əldə edib.
Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabrın 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Kabel, polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.

Regionlar 2019-10-17 12:36:00