×
A
A
A
Sazlamalar

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib

Vaşinqton, 17 oktyabr, AZƏRTAC

ABŞ-ın paytaxtı Vaşinqtonda Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycanda iqtisadi islahatlara dair xüsusi tədbir keçirilib. Toplantıda “Doing Business” islahatları: Azərbaycanda inklüziv və davamlı iqtisadi inkişaf” mövzusunda təqdimat nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar haqqında geniş məlumat verib. O, ilk növbədə, dövlətimizin başçısının uğurlu siyasəti ilə ölkədə yaradılan monitorinq və qiymətləndirmə institutu, rəqəmsallaşma ilə bağlı xüsusi qeydləri iştirakçıların diqqətinə çatdırıb. Həmçinin V.Qasımlı qeyd edib ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Azranking.az” portalı üzərindən dövlət-özəl dialoquna əsaslanan rəqəmsal platforma yaradılıb: “Bütövlükdə islahatların hazırlanması, həyata keçirilməsi, monitorinq və qiymətləndirilməsi kimi mərhələlərin tam rəqəmsallaşması islahatların kəsilməzliyini, dönməzliyini, inklüzivliyini və sistemliliyini təmin edir. Təsadüfi deyil ki, “Doing Business” hesabatında 25-ci yeri tutan Azərbaycan yenidən builki hesabatda top 20 islahatçı ölkənin sırasına daxil edilib. Digər tərəfdən isə “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 11 pillə irəliləyərək 58-ci yerdə qərarlaşıb. “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan “Hökumətin dəyişikliyə reaksiyası” subindikatoru üzrə 140 ölkə arasında 5-ci, “Hökumətin strateji baxışı” subindikatoru üzrə isə 10-cu yerdədir. Bu iki subindikator onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan iqtisadi islahatlar kifayət qədər həm yerli, həm də qlobal çağırışları, perspektivləri, riskləri nəzərə alaraq sistemli şəkildə təkcə qısa, orta deyil, həm də uzun müddətli dönəmdə hazırlanaraq həyata keçirilir. Aparılan uğurlu islahatlar artıq öz nəticəsini verir və nəticə ondan ibarətdir ki, Azərbaycanın tədiyə balansında, icmal balansında və hökumətin balansında müsbət saldolar yaranıb, inflyasiya 2,6 faiz təşkil edib, manatın sabitliyi təmin olunub. Azərbaycanın strateji valyuta ehtiyatları onun ümumi daxili məhsulunun 110 faizini təşkil etdiyi halda, xarici borcu onun 17 faizini təşkil edir”.
Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında bir ölkəyə həsr olunan ayrıca tədbirin keçirilməsi çox nadir hallarda olur. Azərbaycana dair belə bir tədbirin keçirilməsi isə ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlara dünya ictimaiyyətinin böyük diqqətinin göstəricisidir.
İİTKM-nin icraçı direktoru qeyd edib ki, ayrıca belə bir tədbirin təşkil olunması, həm də Azərbaycan təcrübəsinin digər ölkələr tərəfindən öyrənilməsinə olan maraqla əlaqədardır. Çünki Azərbaycanda Prezident İlham Əliyevin müəyyən etdiyi islahat kursunun hazırlanması, həyata keçirilməsi, monitorinq və qiymətləndirilməsi bütün dünya ölkələri tərəfindən diqqətlə izlənilir, öyrənilir və nümunə götürülür. Həm də bu təcrübə bir sıra məsələlərin qlobal müzakirəsinin təşkilinə şərait yaradır.
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun rəhbər nümayəndələrinin iştirakı ilə keçirilən müzakirədə qeyd olunub ki, belə bir təqdimat həm də Azərbaycanda biznes mühitinin əlverişliliyini bir daha göstərməklə xarici investorların ölkəyə gəlişini daha da təşviq edir. Çünki Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun bu qədər diqqət yetirdiyi bir ölkəni digər investorlar da ciddi şəkildə izləyirlər. Bu isə Azərbaycana yeni əməkdaşlıq imkanları üçün şərait yaradır.
Toplantıda Dünya Bankının icraçı direktoru Verner Qruber başda olmaqla, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Qafqaz üzrə regional direktoru Jan Van Bilsen, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molenös, Dünya Bankının qlobal menecerləri, Beynəlxalq Valyuta Fondunun nümayəndələri, Dünya Bankının müxtəlif ofislərindən olan məsləhətçilər, bir sıra xarici ölkələrin səfirliklərinin və diplomatik korpusunun nümayəndələri, qlobal vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak edib.
Təqdimat zamanı iştirakçılara İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan və iqtisadi islahatlara həsr edilən bir sıra materiallar paylanılıb.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

İqtisadiyyat 2019-10-17 12:20:00