×
A
A
A
Sazlamalar

Mərkəzi İncəsənət məktəbinin nümayəndə heyəti Macarıstanda keçirilən tədbirdə iştirak edib

Bakı, 17 oktyabr, AZƏRTAC

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeştdə Boçkay İstvan İslahatlar Təhsil Mərkəzinin 20 illik yubileyinə həsr olunan tədbirdə iştirak edib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl Slovakiya, Çexiya, Polşa, Rumıniya, Macarıstan, Rusiya və Azərbaycan nümayəndə heyətinin iştirakı ilə müxtəlif məzmunlu görüşlər keçirilib. Belə ki, İslahatlar Təhsil Mərkəzinin rəhbəri Papp Kornel, Sankt-Peterburq Musiqi liseyinin direktoru Vitali Romanov və Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru Əziz Qarayusiflinin iştirakı ilə keçirilən işgüzar görüşdə hər üç ölkənin musiqi və incəsənət sahəsində təhsil sistemlərinin öyrənilməsi, təcrübə mübadiləsinin aparılması, əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi haqqında müzakirələr aparılıb. Bir neçə müştərək festival və müsabiqənin təşkili nəzərdən keçirilib. Rusiya, Macarıstan və Azərbaycan arasında “Günəşə doğru” adlı yeni müsabiqənin keçirilməsi üçün razılıq əldə edilib.
Tədbir çərçivəsində musiqi alətləri emalatxanası haqqında söhbətlər aparılıb, simli və nəfəs alətlərinin düzəldilməsi işində Macarıstanın qədim və böyük təcrübəyə malik olduğu vurğulanıb. Daha sonra Mərkəzi İncəsənət Məktəbinin emalatxanasında çalışan usta Oqtay Hüseynovun hazırladığı violin aləti qonaqlara təqdim edilib, alət peşəkarlar və mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi.
Budapeşt Musiqi Kollecinin böyük zalında keçirilən konsertdə Əməkdar artist Əziz Qarayusifli, Budapeşt konservatoriyasının professoru klarnet ifaçısı İstvan Varqa ilə birlikdə çıxış edib. Eyni zamanda, Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin təqdim etdiyi musiqi nömrələri alqışlarla qarşılanıb. Həmçinin Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin violin üçün Sonatası (4 hissə) Budapeşt konservatoriyasının professoru, tanınmış violin ifaçısı Andrea Şuster və konsertmeyster Tatyana Qarayusifli tərəfindən məharətlə ifa edilib.

Mədəniyyət 2019-10-17 12:31:00