×
A
A
A
Sazlamalar

İstanbul Universitetinin alimi Aqrar Universitetin tələbələrinə nəzəri-təcrübi dərslər keçib

Gəncə, 17 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

İstanbul Universitetinin Su bilimləri fakültəsinin müəllimi, dosent Farhad Çağlıtay Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin balıqçılıq ixtisasının tələbələrinə mühazirə oxuyub, təcrübə dərsləri keçib.
Aqrar Universitetin Mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hər iki universitet arasında bağlanmış müqaviləyə əsasən mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi, ölkənin balıqçılıq üzrə mütəxəssislərlə təminatının yaxşılaşdırılması prioritetlərdəndir.
Bu məqsədlə həyata keçirilən tədbirlərin mühüm istiqamətlərindən biri də məhz Türkiyənin aparıcı ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıqdır.
Oktyabrın 12-dən başlayan mühazirələr və təcrübə dərsləri bir həftə davam edəcək. Bu müddət ərzində tələbələr balıqların bəslənilməsi, süni mayalandırılması, suyun keyfiyyəti, qəfəs yetişdirilməsi və digər mövzularda mühazirələr dinləyəcək, təcrübə dərsləri keçəcəklər.

 

Kənd təsərrüfatı 2019-10-17 12:04:00