×
A
A
A
Sazlamalar

® “Kapital Bank”ın Baş pərakəndə satış inzibatçısı: Ölkədəki taksit kart müştərilərinin təxminən 65 faizi “BirKart” sahibidir

Hazırda “Kapital Bank” ölkə üzrə filial və partnyor şəbəkəsinə, bazarda olan taksit kart müştərilərinin sayına, eləcə də digər bir sıra meyarlarına görə liderdir. Üç milyondan çox müştəriyə xidmət göstərən ölkənin birinci bankı demək olar ki, hər ay yeni aksiya və kampaniyalarını müştərilərin ixtiyarına verir. Təbii ki, bütün bunlarla yanaşı, müştəri xidməti keyfiyyətini də yaxşılaşdırmaq istiqamətində ciddi işlər görülür. Bununla bağlı “Kapital Bank”ın Baş pərakəndə satış inzibatçısı Ramil İmamov AZƏRTAC-la fikirlərini bölüşüb.

- Ramil müəllim, hazırda “Kapital Bank”ın “BirKart” taksit kartı əhali tərəfindən ən çox rəğbətlə qarşılanan kartdır. Hətta məvacibini və təqaüdünü “Kapital Bank”dan almayanlar da “BirKart” sahibi ola bilərlər. Bir qədər bu barədə məlumat verərdiniz.
- Əsas hədəfimiz hazırda ölkədə lider olduğumuz pərakəndə bankçılıq sahəsində inkişaf edib, liderliyimizi qorumaqdır. Bu sahədə son illər əsas nailiyyətlərimizdən biri kredit və taksit kart funksiyalarını özündə birləşdirən “BirKart” məhsulunun satışında yüksək nəticələr əldə etmək olub. Təkcə bu ilin əvvəlində 200 minədək “BirKart” əldə edən müştəri olub ki, bunun da nəticəsi hazırda “BirKart” sahiblərinin sayı 430 minə çatıb. Əminliklə deyə bilərəm ki, taksit kartları bazarında da birincilik bizim bankımıza məxsusdur. Belə ki, ölkədə olan taksit kart müştərilərinin təxminən 65 faizi “BirKart” sahibidir. “BirKart”ı daha əlçatan və sərfəli etmək üçün bir sıra işlər həyata keçiririk. Cari ilin əvvəlindən başlayaraq məvacib və təqaüdlərini “Kapital Bank” kartları ilə almayan şəxslər üçün çox cəlbedici “BirKart” şərtləri təklif etməyə başlamışıq ki, nəticədə bu növ müştərilərimiz gündən-günə artmaqdadır.
Bu sahədə daha bir uğurlu əməkdaşlığımız isə cari ildən təsis edilən “BirKart” Bank Olmayan Kredit Təşkilatıdır (BOKT). Qeyd edim ki, hazırda həm paytaxt Bakıda, həm də Gəncə və Sumqayıt şəhərlərində BOKT-un 14 filialı xidmət göstərir. Bu filiallar əsasən partnyor mağazaları ilə eyni ünvanda, ticarət mərkəzlərində, həmçinin artıq ötən aydan müstəqil şəkildə və müasir dizaynda hazırlanan filiallarda fəaliyyət göstərir. Müştərilərə BOKT filiallarında “BirKart” satışı həyata keçirilir, “BirBank” tətbiqi üzərindən müxtəlif növ xidmətlər təklif olunur, həmçinin bu məhsullar üzrə istənilən sualların cavablandırılması həyata keçirilir. Gələcəkdə bankla BOKT arasında olan qarşılıqlı razılığa əsasən bu sahədə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. Bu günədək BOKT filiallarından minlərlə müştəri “BirKart” əldə edib ki, bunun da böyük əksəriyyətini məvaciblərini “Kapital Bank”dan almayan müştərilər təşkil edir. Həmçinin bu kartlar üzrə limit məbləğlərinin 70 faizdən çoxu taksit dövriyyəsinə yönəlib. Məhz bu səbəbdən də taksit layihəsi üzrə partnyorlarımız son dövrlərdə “BirKart” BOKT-la əməkdaşlığa xüsusi önəm verməyə başlayıblar. Partnyorlar “BirKart” BOKT filiallarının mağazalarda fəaliyyət göstərməsinin, ehtiyaca uyğun olaraq dərhal “BirKart” əldə etmə imkanlarının, taksitli alış-verişdən yararlanmanın həm onlar, həm də müştərilər üçün böyük üstünlük yaratdığını xüsusilə qeyd edir, satışları stimullaşdırdığını və müştəri məmnunluğunun artmasına səbəb olduğunu vurğulayırlar.

- “BirKart”ın partnyor şəbəkəsinin genişlənməsi istiqamətində hansı işlər aparılır?
- Bu il qarşıya qoyduğumuz hədəflərdən biri də partnyor şəbəkəmizi daha da genişləndirmək, əsas da regionlarda geniş şəbəkə ilə təmsil olunmaqdır. Taksit partnyorlarımızın sayı 2017-ci ilin sonuna 300-dək idisə, indi bu rəqəm təqribən 3000-dir. Bu partnyorlardan 830-u regionlarda fəaliyyət göstərir. Həm taksit funksiyasının aktiv olduğu satış nöqtələrinin sayına görə, həm də “cashback” funksiyasının aktiv olduğu satış nöqtələrinin sayına görə bazarda birinciyik. Həmçinin ötən ay bazara smart kassa cihazlarını ilk təklif edən banklardan biri olaraq bu işi daha da sürətləndirməyi hədəfləyirik. Bu cihazların çox funksiyanallığı partnyorlarımız və müştərilərimiz üçün rahatlıq yaradır. Belə ki, smart kassalar “Android” əməliyyat sistemi əsasında fəaliyyət göstərməklə yanaşı özündə POS-terminal, kassa aparatı, anbar uçot sistemi və printer funksiyalarını birləşdirir.

- Xidmətlərin rəqəmsallaşması və optimallaşması sahəsində hansı yenilikləriniz var?
- Qeyd etdiyim kimi, “Kapital Bank”ın hədəflərindən ən əsası müştərilərə keyfiyyətli xidmət təklif etməkdir. Vacib olan məqamlardan biri müştərilərimizin minimum vaxt sərf etməklə, maksimum onlayn xidmətlər əldə etmələri üçün imkanlar və yeni kanallar yaratmaqdır. Təbii ki, bu sahədə son dövrlərdə əsas addım “BirBank” mobil tətbiqini müştərilərimizin istifadəsinə vermək idi. Hazırda bu tətbiqin istifadəçi sayı 700 min nəfərə yaxındır. İndiki dövrdə tətbiq vasitəsilə çoxsaylı xidmətlərin həyata keçirilməsinin, müştəri məmnunluğunun artmasına töhfə verəcəyinə inanırıq. Həmçinin artıq müştərilərimiz üçün bir çox xidmətlərin bankımıza məxsus ödəniş terminallarında əldə etmək imkanları yaradılıb. Müştərilərə 24/7 xidmətinin göstərilməsi, xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması məqsədilə filiallarımızda aparılan əməliyyatların müəyyən hissəsinin ödəniş terminallarına keçirilməsi ilə bağlı layihə davam edir. Nəticədə əksər ödənişlər filial kassalarından terminallara yönəldiləcək ki, bu da aylıq ümumi kassa əməliyyatlarının 34 faizi deməkdir. Cari ilin sonunadək terminal saylarının 23 faiz, növbəti ilin sonunadək isə daha 25 faiz artırılması planlaşdırılır ki, bunlardan 30 faizi xarici ödəniş terminalı olacaq. Onu da qeyd edim ki, paralel olaraq müştərilərimizə təklif etdiyimiz bank xidmətlərinin müddətlərinin azaldılması məqsədilə işlər aparılır. Cari ilə artıq kredit satış prosesləri üzrə xidmət müddətini ikiqat azaltmağa nail olmuşuq. Hədəfimiz bunu bütün xidmət növləri üzrə həyata keçirmək və daim bütün növ xidmətlərin optimallaşdırılmasına nail olmaqdır. O cümlədən “BirKart” əldə etmək istəyən müştərilərimizin filialda minimal müddətə xidmət almaları üçün də imkanlar yaradılıb. Həm dövlət, həm də özəl sektorda rəsmi olaraq çalışan və istənilən bankın məvacib və təqaüd kartına sahib olan şəxslər “kapitalbank.az” və ya “birkart.az” saytlarına onlayn müraciət edə, istənilən “Kapital Bank” və ya “BirKart” BOKT filialını seçə və kartı maksimum 5 dəqiqə ərzində xidmət nöqtəsindən əldə edə bilərlər.

- “Kapital Bank” ölkədə ən geniş filial şəbəkəsinə malikdir. Bu sahədə hansı yeniliklər gözlənilir?
- Bu ildə də öncəki illərdə olduğu kimi ölkənin filial şəbəkəsinə görə liderliyimizi qoruyuruq və həmçinin transformasiya layihəsi üzrə işlərimizi davam etdiririk. Cari ildə bu sahədə əsas işimiz Naxçıvan Muxtar Respublikası üzrə filiallarımızın yeni biznes proseslərə uyğun fəaliyyətini təmin etmək və aktiv şəkildə məhsullarımızı müştərilərimizə təklif etmək olub. Bunun nəticəsində nağd satışlarımız 7 faiz, “BirKart” satışlarımız isə 9 faizədək artıb. Təbii ki, görülən işlər bununla tamamlanmır. Belə ki, cari ildə şəbəkəmiz 2 filial və 2 şöbə ilə daha da genişlənib və il sonunadək bura daha 6 struktur bölmənin əlavə olunması planlaşdırılır. Həmçinin filial və şöbələr müasir tələblərə uyğun olaraq vahid korporativ dizayn standartlarında təmir olunması üzrə 7 filialın cari ildə yenilənməsi nəzərdə tutulur.
Sonda onu qeyd etmək istərdim ki, hər zaman olduğu kimi satış imkanlarımızın və müştəri məmnunluğunun paralel şəkildə artırılması üçün görüləcək işlər gələcəkdə də əsas məqsədlərimizdən olacaq. 

Maliyyə 2019-10-17 12:00:00