×
A
A
A
Sazlamalar

Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir

Bakı, 17 oktyabr, AZƏRTAC

Dövlət siyasətində təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsinə və yeni şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən çoxsaylı proqramlar, sərəncamlar imzalanıb. 2019-cu ildə 50-si modul tipli olmaqla 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilən ənənəvi mətbuat konfransında deyib. Nazir bildirib ki, təhsil müəssisələrindən 43-ü sentyabr ayının 15-nə qədər təhvil verilib. Digər 41 məktəbdə işlər ilin sonuna qədər yekunlaşacaq.
Ceyhun Bayramov qeyd edib ki, təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsi və yenilənməsi sahəsində görülən işlərdən danışarkən mütləq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətlərini də qeyd etməliyik. Heydər Əliyev Fondunun xətti ilə 14 yeni məktəb binasının tikintisi, 8 məktəbin əsaslı təmiri həyata keçirilir.
“Eyni zamanda, dövlət proqramına uyğun olaraq bu il ərzində 257 məktəbdə təmir işləri görülüb. Ümumilikdə götürdükdə 2003-2018-ci illər ərzində ölkədə 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Nəticədə bir milyondan çox Azərbaycan şagirdinin təlim-təhsil şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb”, - deyə Təhsil naziri vurğulayıb.

Elm və təhsil 2019-10-17 11:57:00