×
A
A
A
Sazlamalar

Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb

Naxçıvan, 17 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov və Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərlinin 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə bağlı “Müstəqillik işığında” adlı sərgisi açılıb. Sərgi muxtar respublikanın yaradılmasının 95 illiyinə həsr olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə muxtar respublikanın Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək müstəqillik illərində qədim diyarda rəssamlıq sənətinin inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, ötən illər ərzində gənc rəssamlar nəslinin formalaşması istiqamətində də məqsədyönlü işlər görülüb, emalatxanalar tikilərək istifadəyə verilib, onların fərdi sərgiləri təşkil edilib, festivallarda iştirakları təmin olunub.
Ülviyyə Həmzəyeva qeyd edib ki, bugünkü rəngarəng sərgi dəyərli sənət adamları – Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinovun və Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərlinin 65 illik yubileyləri ilə də əlamətdardır. Müasir Naxçıvan rəssamlıq məktəbinin formalaşmasında hər iki rəssamın danılmaz xidmətləri vardır.
Yubilyar rəssamların yaradıcılıq yolları haqqında ətraflı məlumat verən Rəssamlar Birliyinin sədri bildirib ki, bu gün açılan sərgidə Telman Abdinovun müxtəlif janrlarda 62, Əli Səfərlinin isə 54 rəsm əsəri nümayiş olunur. Sərgidə Naxçıvanın tarixi şəxsiyyətlərinin portretlərinə, eləcə də doğma yurdumuzun gözəlliklərinin, mədəniyyətimizin, adət-ənənələrimizin tərənnümünə geniş yer verilib.
Sonra yubilyarlara Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşəkkürnamələri təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid hər iki yubilyarı təbrik edərək bildirib ki, Rəssamlar Birliyi özünəməxsus fəaliyyəti ilə muxtar respublikanın yaradılmasının 95 illiyinə dəyərli töhfələr verməkdədir. Cari ildə artıq bir neçə dəfədir ki, Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda naxçıvanlı rəssamların rəsm əsərlərindən ibarət sərginin şahidi oluruq. Bu gün yubiley tədbiri keçirilən rəssamların əsərlərindən bəzilərinin Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə bağlı keçirilən Rəsm Festivalına həsr edilib, nəşrə hazırlanan albom-kataloqa əlavə olunması nəzərdə tutulub. Bu, onların yaradıcılığına verilən yüksək dəyər kimi qiymətləndirilir. Hər iki rəssamın yaradıcılığı çoxşaxəlidir və çəkdikləri rəsmlərdə muxtar respublikamızın tarixi şəxsiyyətləri, ecazkar təbiəti dolğun şəkildə öz əksini tapır. Əminliklə demək olar ki, onlar gələcəkdə də yeni-yeni yaradıcılıq uğurları ilə muxtar respublikamızın mədəniyyətinə, incəsənətinə daha böyük töhfələr verəcəklər.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova yubilyarları təbrik edərək bildirib ki, Naxçıvan zəngin mədəniyyəti və incəsənəti ilə xalqımızın tarixində hər zaman əvəzsiz rol oynayıb. Blokada şəraitində olmasına baxmayaraq, müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızda bütün sahələr kimi, təsviri sənətin inkişafı istiqamətində də ardıcıl tədbirlər görülüb, sənət adamlarına fəaliyyətlərini qurmaları üçün geniş şərait yaradılıb.
Sonra “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayev, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulunun köməkçisi Nejla Kaya, Xalq rəssamı Hüseynqulu Əliyev və Xalq artisti Kamran Quliyev yubilyarların sənət fəaliyyətlərindən söz açıb, onları təbrik ediblər.
Sərgiləri təşkil edilən rəssamlar yaradıcılıqlarına verilən yüksək qiymətə görə Ali Məclisin Sədrinə dərin minnətdarlıqlarını bildiriblər.
Sonra sərgiyə baxış olub.
Qeyd edək ki, 116 rəsm əsərinin nümayiş olunduğu “Müstəqillik işığında” adlı yubiley sərgisi oktyabrın 23-dək davam edəcək.

Regionlar 2019-10-17 11:54:00