×
A
A
A
Sazlamalar

“News Blaze” nəşri ABŞ Konqresinin üzvü Rəşidə Tlaibin riyakarlığı barədə yazıb

Vaşinqton, 17 oktyabr, AZƏRTAC 

ABŞ-ın “News Blaze” nəşrində Amerika jurnalisti və publisisti Nurit Qringerin “Konqresin üzvü Rəşidə Tlaibin riyakarlığı” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə qanunverici orqanın müsəlman üzvünün Amerikanın Erməni Milli Komitəsi (AEMK) ilə əlaqələrindən və onun Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qanunsuz oyuncaq rejimlə münasibətlər qurulmasına dair qanun layihəsinə dəstək göstərməsindən bəhs edilir.
AZƏRTAC xəbər verir ki, müəllif Konqresin üzvü Rəşidə Tlaibin mütəmadi olaraq İsrailin əleyhinə bəyanatlar səsləndirdiyini, Ermənistana gəldikdə isə, bu ölkənin Azərbaycanın Qarabağ regionunu işğal etməsi və orada etnik təmizləmə aparması məsələsində dövlətlərin ərazi bütövlüyü prinsipinə dair öz mövqeyini dəyişməsini qeyd edir. O, istər ABŞ, istərsə də dünya ictimaiyyəti tərəfindən pislənən Azərbaycan torpaqlarının işğalı faktını açıq şəkildə dəstəkləyir.
Qeyd olunur ki, 2019-cu il oktyabrın 8-də ermənilərin Los-Ancelesdə nəşr etdikləri qəzetdə “AEMK-Miçiqan ABŞ və Artsax münasibətlərinin yaxşılaşdırılmasında Konqres üzvü Rəşidə Tlaibin səylərini alqışlayır” sərlövhəli məqalə dərc olunub. AEMK-Miçiqan AEMK-nin törəmə təşkilatıdır.
Məqalədə bildirilir ki, həmin erməni təşkilatının nümayəndələri bu yaxınlarda Rəşidə Tlaib ilə keçirdikləri görüşdə Miçiqanın erməni icmasının vacib məsələlərini müzakirə ediblər. Konqresin üzvü onlara vəd edib ki, qanunverici orqanda ermənilərin mənafeyini müdafiə edən fraksiyaya daxil olacaq və Xankəndində yaradılmış oyuncaq rejimlə qanunsuz əlaqələri dəstəkləyən qanun layihəsinin müəlliflərindən birinə çevriləcək.
Müəllif daha sonra İkinci Dünya müharibəsində yəhudilərin və digər etnik qrupların nümayəndələrinin kütləvi qırğınında iştirak etmiş erməni nasistləri, o cümlədən Qaregin Njdedən “qəhrəman” obrazı yaradılmasından, habelə AEMK tərəfindən antisemitizmin təbliğ olunmasından bəhs edib.
Qringer qeyd edib ki, 1991-1994-cü illərdə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərinin beşdəbir hissəsini, o cümlədən Dağlıq Qarabağ regionunu işğal edib və 800 mindən çox azərbaycanlını zorla öz ev-eşiklərindən didərgin salıb. Ermənistanın özündən də qovulmuş 250 min azərbaycanlı ilə birlikdə, az bir vaxtda Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sayı bir milyon nəfərə çatıb. Onlar bu günədək öz doğma torpaqlarına və evlərinə qayıda bilmirlər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2019-10-17 11:55:00