×
A
A
A
Sazlamalar

Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır

Daşkənd, 17 oktyabr, АZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tamhüquqlu üzvü olmaq Özbəkistana Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna inteqrasiya etmək imkanı yaradır. Belə ki, son illərdə inteqrasiya prosesləri xeyli güclənib. Hazırda elə bir ölkə yoxdur ki, müxtəlif sahələrdə, o cümlədən ticarətdə, iqtisadiyyatda, sərmayə qoyuluşunda potensialını inkişaf etdirməsin.
Bunu AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində özbəkistanlı jurnalist, politoloq Şarofitddin Tulaqanov deyib.
O bildirib ki, bu, Türk Şurasının üzvü olan hər bir dövlət üçün çox əlverişlidir. Belə ki, Azərbaycanla Türkiyə Çin və Cənubi Asiya bazarlarına, Özbəkistan, Qazaxıstan və Qırğızıstan Avropa və Yaxın Şərq bazarlarına çıxış əldə edəcəklər.
Qeyd olunub ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşündə ortaq texnoparklar, innovasiya şirkətləri, ortaq investisiya fondu və türk dövlətlərinin ticarət evlərinin yaradılması ilə bağlı irəli sürdüyü təkliflər çox əhəmiyyətlidir.
Politoloq deyib ki, Şuraya üzv olmaq bu ölkələr arasında mədəni-humanitar, turizm və digər sahələrdə problemlərin həlli yollarını tapmağa kömək edəcək. Üzv ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsi onların təhlükəsizliyini də təmin etməyə imkan verəcək.
“Şavkat Mirziyoyev Gənc Sahibkarlar Forumunun yaradılması təşəbbüsünü də irəli sürüb. Dövlət başçısı Forumun ilk iclasının Özbəkistanda keçirilməsini təklif edib. Düşünürəm ki, Şuranın üzvü olan dövlətlərin başçılarının çıxışlarında qaldırılan məsələlər qısa müddətdə öz həllini tapacaq”, - deyə o vurğulayıb.
Politoloq əminliyini bildirib ki, Azərbaycanın Türk Şurasına sədrliyi dövründə böyük layihələr həyata keçiriləcək.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Siyasət 2019-10-17 11:16:00