×
A
A
A
Sazlamalar

Torpaq istifadəçiliyində onlayn nəzarətlə bağlı planşetlərin tətbiqinə başlanılıb YENİLƏNİB

Bakı, 17 oktyabr, Pərvanə Rəhimova, AZƏRTAC

Torpaq istifadəçiliyində onlayn nəzarətlə bağlı planşetlərin tətbiqinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, daim yenilikləri ilə fərqlənən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu dəfə də fəaliyyətində innovativ yanaşma tətbiq etməklə ictimaiyyətin diqqətini cəlb edib. Belə ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət müasir texnologiyalar əsasında, planşetlər vasitəsilə həyata keçiriləcək. Torpaqla bağlı nəzarət mexanizmini təkmilləşdirəcək planşetlərin istifadə qaydaları, üstünlükləri, mahiyyəti ilə bağlı oktyabrın 17-də Əmlak Xidmətləri Məkanında tədbir keçirilib.
Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktorunun müavini Eldəniz Qafarov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq komitə fəaliyyəti üzrə institusional yeniliklərin, innovativ xidmətlərin, müasir yanaşmaların tətbiqini genişləndirir. ƏMDK digər sahələrlə yanaşı, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin təkmilləşdirilməsi ilə bağlı torpaq inzibatçılığında yeni yanaşmalar, intensiv metodlar, mütərəqqi texnoloji yeniliklər tətbiq edir. Yeniliklərdən biri də təqdimatı keçirilən Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin məlumatları əlavə olunmuş planşetlərdir. Planşetdən istifadə etməklə torpaq sahələrinə daha sistemli şəkildə nəzarət olunur, işin keyfiyyəti artır, idarəetmə mexanizmi təkmilləşir.
Qeyd olunub ki, bu, torpaqların keyfiyyətində baş verən dəyişikliklərin operativ olaraq müəyyənləşməsinə şərait yaradacaq.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, bu informasiya daşıyıcısının istifadəsi torpaq qanunvericiliyinin pozulması hallarının qarşının alınmasına, bu sahədə görülən işin operativ olaraq yerinə yetirilməsinə, şəffaflığın artırılmasına imkan verəcək.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, torpaq inzibatçılığında planşetlərin istifadəsi görülən işin avtomatlaşmasına, bu sahədə tətbiq ediləcək innovativ yanaşmaların genişlənməsinə şərait yaradacaq.
Tədbirdə planşetlərin istifadə qaydaları, üstünlükləri, mahiyyətindən bəhs edən təqdimat olub. Təqdimatda komitənin nümayəndələri, Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları, əmlak ekspertləri, bir sıra Qeyri Hökumət Təşkilatının nümayəndələri və jurnalistlər iştirak ediblər.

 

İqtisadiyyat 2019-10-17 11:13:00