×
A
A
A
Sazlamalar

Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir YENİLƏNİB

Bakı, 17 oktyabr, Əziz Məmmədov, AZƏRTAC

Oktyabrın 17-də Neonatologiya üzrə II Bakı Beynəlxalq Konqresi öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Konqres neonatologiya sahəsində çalışan aparıcı mütəxəssislərin əldə etdiyi son nailiyyətlərə, qarşıda duran aktual problemlərin həllinə yönəlmiş çıxışları və praktik vərdişlərin nümayişi formatında keçirilir, tanınmış alimlərin 20-yə yaxın mühazirələri dinlənəcək, ekspert müzakirələr aparılacaq. Tədbirdə Azərbaycan həkimləri ilə yanaşı Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya, Gürcüstan, Qazaxıstan, İran, Ukrayna, Belarus, Özbəkistan və digər ölkələrin aparıcı alimləri və mütəxəssisləri olmaqla ümumilikdə 200 nəfər iştirak edir.
II Bakı Beynəlxalq Konqresində çıxış edən Səhiyyə Nazirliyinin baş neonatoloqu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun yenidoğulanların reanimasiya şöbəsinin müdiri Rüstəm Hüseynov üç gün davam edəcək Neonatologiya Konqresinin əsas məqsədinin tibb sahəsində, xüsusilə də neonatologiya profili üzrə müasir aktual problemlərin birlikdə həlli istiqamətində bilik və bacarıqları səfərbər etməkdən ibarət olduğunu bildirib. Diqqətə çatdırılıb ki, konqresdə neonatologiya sahəsi üzrə ixtisaslaşmış görkəmli, beynəlxalq və yerli mütəxəssislərin çıxışları və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub. Baş neonatoloq beynəlxalq konqres çərçivəsində keçirilən treninqlərin yenidoğulmuşlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə çalışan tibb işçilərinin peşə bacarıqları və biliklərinin artırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Öz çıxışlarında Ankara Universitetinin tibb fakültəsinin professoru Ömer Erdeve, ABŞ-ın Vanderbilt Universitetinin neonatologiya şöbəsinin dosenti Skot Qutri neonatologiyada müasir yanaşma prinsiplərindən danışıblar, təcrübi vərdişlər üzərində izahlar veriblər.
Konqres bitdikdən sonra 2 gün ərzində beynəlxalq təlim kursuna başlanılacaq. Təlim kurslarında elmin yeni nailiyyətlərinə həsr olunmuş nəzəri və praktik məşğələlər keçiriləcək. Bu təlim kursu yenidoğulmuşlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması, neonatal dövrdə ölüm və xəstələnmə hallarının qarşısının alınması, bu xidmətdə çalışan tibb işçilərinin peşə bacarıqları və biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlılığının təmin edilməsi və digər məsələlərin həyata keçirilməsi məqsədilə təşkil olunur.

Səhiyyə 2019-10-17 10:34:00