×
A
A
A
Sazlamalar

Danimarka terror təşkilatlarında iştirakda şübhəli bilinən şəxsləri vətəndaşlıqdan məhrum etmək niyyətindədir

Stokholm, 16 oktyabr, AZƏRTAC

Danimarka hökuməti cihadçı olmaqda şübhəli bilinən ikili vətəndaşlığa malik şəxslərin Krallığa qayıtmasına mane olmaqdan ötrü onları vətəndaşlıqdan məhrum etmək niyyətindədir.
AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, Krallığın Baş Naziri Mette Frederiksen deyib: “Bu insanlar Danimarkadan üz çeviriblər, bizim demokratiya və azadlığımıza qarşı mübarizədə zorakılıqdan istifadə ediblər. Onlar bizim asayişimiz üçün təhlükə yaradır. Onlar Danimarkada arzuedilməzdirlər”.
Parlamentdə partiyaların əksəriyyəti tərəfindən dəstəklənən sosial-demokrat hökumətinin yeni qanunvericilik təşəbbüsünə ikili vətəndaşlığı olan şəxslərin onların sərhəddən xaricdə olduğu vaxt yalnız təcili inzibati qərarla vətəndaşlıqdan məhrum olunması daxil ediləcək.
Qeyd edək ki, bu günədək şəxslərin vətəndaşlıqdan məhrum olunması üçün məhkəmə qərarı zəruri idi. İndi isə yeni qanun layihəsinə yaxın həftələrdə parlament tərəfindən baxılacaq. Sənəd bir ay ərzində qəbul oluna bilər.
Xatırladaq ki, cari il sentyabrın əvvəlində Danimarkanın Ədliyyə naziri bəyan edib ki, cihadçı adlandırılan 36 şəxs döyüş əməliyyatlarında iştirak üçün Krallıqdan qaynar regionlara yollanıb. Onlardan 10 nəfərinin yaşayış üçün icazəsi ləğv edilib, 12 nəfər isə həbs olunub.


Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Dünya 2019-10-16 19:09:00