×
A
A
A
Sazlamalar

Kamran Bayramov: Ermənistan Şahbaz Quliyevi və Dilqəm Əsgərovu əsirlikdə saxlamaqla beynəlxalq humanitar hüququ kobud surətdə pozur

Bakı, 17 oktyabr, AZƏRTAC

Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyasında İttifaqın Beynəlxalq Humanitar Hüququn Təşviqi üzrə Komitəsinin Cenevrə Konvensiyalarına həsr olunmuş açıq sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən nümayəndə heyətimizin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov çıxış edərək ölkəmizin beynəlxalq humanitar hüquqa hörmətlə yanaşdığını, müvafiq Cenevrə Konvensiyalarına tərəfdar çıxdığını və müddəalarına ciddi şəkildə əməl etdiyini bildirib. Deputatımız beynəlxalq humanitar hüququn təşviq edilməsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin səylərini və xidmətlərini xüsusilə qeyd edib.
Kamran Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən danışaraq işğal siyasətini həyata keçirən Ermənistanın beynəlxalq humanitar hüququn prinsiplərinə məhəl qoymadığını, Şahbaz Quliyevi və Dilqəm Əsgərovu beş ildən artıq əsirlikdə saxlamaqla və onlara işgəncələr verməklə beynəlxalq humanitar hüququ kobud surətdə pozduğunu sessiya iştirakçılarının diqqətinə çatdırıb. O, tədbirdə iştirak edən Ermənistan nümayəndələrini qeyd edilən mülki şəxslərin əsirlikdən tezliklə azad olunmasına çağırıb.
Assambleya çərçivəsində deputatımız, həmçinin “Beynəlxalq hüquqa BMT-nin Nizamnaməsi və qətnamələri əsasında əməl olunması” mövzusunda keçirilən panel müzakirələrdə iştirak edib.
Çıxışında Kamran Bayramov BMT-nin Təhlükəsizlik Şurasının sülhməramlı missiyalar yaratmaq, müvafiq sanksiyalar tətbiq etmək, gücün tətbiq edilməsinə icazə vermək hüququna malik olduğuna baxmayaraq, onun dörd qətnaməsini 25 ildən artıq müddət ərzində yerinə yetirməyən Ermənistanın hələ də cəzasız qaldığını təəssüflə qeyd edib. Sonda deputatımız panel müzakirələrin iştirakçılarına müraciət edərək təmsil etdikləri dövlətləri hüququn aliliyinə sadiq qalmağa çağırıb, BMT-nin və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmamasına görə dövlətlərin məsuliyyətinin gücləndirilməsini təklif edib.

Siyasət 2019-10-17 08:47:00