×
A
A
A
Sazlamalar

Lerikdə milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılmasına dair müzakirələr aparılıb

Lerik, 17 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Lerik şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən və “Müasir Gənclərin İnkişafına Dəstək” İB tərəfindən icra edilən “Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması” layihəsi çərçivəsində seminar keçirilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin məsul işçisi, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Lerik Peşə Liseyinin müəllim və tələbələri, rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin gənc müəllimləri, gənclər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin məsul işçisi Hüseyn Hüseynov layihənin aktuallığını və əhəmiyyətini yüksək dəyərləndirərək milli maraqların qorunması istiqamətində gənclərə öz tövsiyələrini verib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsakov dövlət gənclər siyasətinin icrası istiqamətində ölkəmizdə, o cümlədən Lerik rayonunda görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb.
“Müasir Gənclərin İnkişafına Dəstək” İB-nin sədri Mehman Əliyev QHT Şurası və təşkilatın fəaliyyəti, layihənin məqsəd və vəzifələri barədə iştirakçıları məlumatlandırıb.
Layihə eksperti Elbəy Fətəliyev sosial şəbəkələr və vətəndaş cəmiyyəti, sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri, milli maraqlarımıza zidd və dini radikalizmi təbliğ edən sosial şəbəkə istifadəçilərinə qarşı mübarizə tədbirlərindən söz açıb.
Açıq diskussiya şəraitində davam edən təlimdə gənclərin mövzu ilə bağlı çıxışları dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihənin məqsədi milli maraqların müdafiəsini ictimaiyyət arasında təbliğ etmək, gənclərin zərərli ideologiyaların və müxtəlif formalarda fəaliyyət göstərən radikal, ekstremist cərəyanların təsirindən qorunmasına dəstək olmaq və Azərbaycan həqiqətlərinin sosial media vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Layihə çərçivəsində silsilə tədbirlər Cəlilabad, Salyan, Masallı, Yardımlı və Astara rayonlarında keçiriləcək.

 

Regionlar 2019-10-17 03:30:00