×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib

Bakı, 17 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi və Xətai Rayon Təşkilatları və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qarabağ qaziləri, Binəqədi və Xətai rayonlarının ictimaiyyətinin nümayəndələri, həqiqi hərbi xidmətdə olan zabit və əsgərlər, YAP-ın fəalları və gənclərin iştirakı ilə “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib.
AZƏRTAC Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyət, o cümlədən gənclər arasında vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi və bu istiqamətdə maarifləndirmə aparmaqdır.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra çıxış edən natiqlər, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədr əvəzi Anar Əliyev, YAP Xətai Rayon Təşkilatı Gənclər Birliyinin sədri Orxan Bayramov, Qarabağ qazisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, əsgər Fəsli Nəbiyev müstəqil və müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə aparılan ordu quruculuğu prosesindən, dövlətimizin inkişafı, xalqımızın rifahı naminə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlardan danışıblar.
Tədbirdə, eyni zamanda, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə tədbir iştirakçıları adından müraciət səsləndirilib. Tədbir bədii hissə ilə davam etdirilib.

Sosial 2019-10-17 02:45:00