×
A
A
A
Sazlamalar

26 saylı Sabunçu birinci seçki dairəsi bələdiyyə seçkilərinə tam hazırdır

Bakı, 16 oktyabr, AZƏRTAC
26 saylı Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyasının məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün üçgünlük maarifləndirici treninqlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, plana uyğun olaraq, treninqlərə məntəqə seçki komissiyalarının sədrləri və üzvləri cəlb olunublar.
Treninqlərin ikinci günündə çıxış edən dairə seçki komissiyasının sədri Hüseynqulu Ələsgərov 26 saylı Sabunçu birinci seçki dairəsində də bələdiyyə seçkilərinə hazırlıq işlərinin uğurla davam etdirildiyini vurğulayıb. Hüseynqulu Ələsgərov qeyd edib ki, 51 min 210 seçicisi olan dairə seçki komissiyasının ərazisində 38 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Seçki məntəqələrində komissiya üzvlərinin normal fəaliyyəti üçün məntəqələrdə hər cür şərait yaradılıb. Dairə seçki komissiyasının sədri bildirib ki, Mərkəzi Seçki Komissiyasının (MSK) təlimatı və tövsiyəsi əsasında təşkil edilən treninqlər məntəqə seçki komissiyaları sədrlərinin və üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, onların seçkilərlə bağlı bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Treninqlərdə iştirakçılar səsvermə günü görəcəkləri işlərlə, seçki məntəqələrinin açılışına hazırlıqlarla, səsvermə saatlarında həyata keçiriləcək tədbirlərlə bağlı təqdimatlarla və slaydlarla izahlı şəkildə məlumatlandırılacaqlar.
Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Şaitdin Əliyev seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri ilə bağlı məruzə ilə çıxış edib. Bildirib ki, səsvermə günü məntəqələrdə KİV təmsilçilərinin normal fəaliyyəti üçün hər cür şərait yaradılmalıdır.
Treninqdə, həmçinin seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, habelə bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili ilə bağlı məlumat verilib.

Sosial 2019-10-16 21:02:00