×
A
A
A
Sazlamalar

İstanbulda Zəlzələ və Yanğın Test və Tədris Mərkəzi yaradılıb

İstanbul, 16 oktyabr, AZƏRTAC

İstanbulda Zəlzələ və Yanğın Test və Tədris Mərkəzi yaradılıb.
AZƏRTAC xəbər verir ki, beynəlxalq standartlara uyğun fəaliyyət göstərəcək mərkəzdə zəlzələ və yanğın zamanı qorunma yolları tədris ediləcək. İstanbulun Türk-Alman Universitetinin nəzdində açılan mərkəz tərəfindən yaxın zamanlarda ölkənin bütün universitetlərində bu istiqamətdə tədrisin aparılması nəzərdə tutulur.
Mərkəzdə, eyni zamanda, tikililərin baş verə biləcək hadisələrə dözümlülük testləri də aparılır. İlk olaraq sənaye müəssisələrinin test olunması planlaşdırılır.
Mərkəzdə laboratoriya, zəlzələ və yanğın simulyatorları, yanğın və dumandan mühafizə otaqları da yaradılıb. Burada uşaqlar üçün xüsusi otaqlar da hazırlanıb. Bu otaqlarda onlar oyuncaqlar vasitəsilə yanğın və zəlzələ zamanı nə cür hərəkət etməli olduqlarını öyrənirlər.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Dünya 2019-10-16 20:03:00