×
A
A
A
Sazlamalar

UNEC-in “Tədqiqatçı” statusunun verilməsi qaydaları kollektivə təqdim olunub

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının qərarı ilə “UNEC professor-müəllim heyəti üzvlərinə “tədqiqatçı” statusunun verilməsi haqqında” Qaydalar təsdiqlənib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, professor-müəllim heyətini qaydalarla tanış etmək məqsədilə elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov və rektorun müşaviri, dosent Elşən Bağırzadə akademik heyətlə görüşlər keçirib. İlk görüş Biznes və menecment və Türk dünyası iqtisad fakültələrinin professor-müəllim heyəti ilə olub.
Professor Sakit Yaqubov qaydaların UNEC-də elmi tədqiqatların keyfiyyətinin artırılması və professor-müəllim heyətinin bu sahədə fəaliyyətinin daha da stimullaşdırılması məqsədilə təsdiq olunduğunu bildirib. O, qaydaların ümumi müddəaları barədə pedaqoji heyətə məlumat verib.
Sonra Elşən Bağırzadə professor-müəllim heyətini qaydalarla tanış edib. Bildirib ki, qaydalar əsas iş yeri UNEC olan müəllim, baş müəllim, dosent və professor vəzifələrini tutan əməkdaşlara şamil ediləcək. “Tədqiqatçı” statusunun verilməsi üzrə başlıca tələbləri ödəyən professor, dosent, baş müəllim və müəllimlərin akademik vəzifələrinin qarşısına “tədqiqatçı” sözü əlavə ediləcək və həmin şəxslərin əməkhaqları əlavə olaraq 50 faiz artırılacaq. Bununla da diferensial əməkhaqqı reytinqində müvafiq yerinə uyğun olaraq tədqiqatçı statusu alan müəllim 2070-3090, baş müəllim 2380-3520, dosent 2635-3850, professor isə 3720 - 5370 manata qədər əməkhaqqı ala biləcək. “Tədqiqatçı” statusuna görə verilən əlavə əməkhaqqı hər tədris ili üzrə sentyabrın 1-dən avqustun 31-dək aylıq əsasda ödəniləcək.
Elşən Bağırzadə “Tədqiqatçı” statusunun verilməsi üzrə başlıca tələbləri açıqlayıb. Bu statusu əldə etmək məqsədilə müraciətlərə baxılması qaydalarını, statusun ləğv edilməsi hallarını professor-müəllim heyətinə izah edib.
Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Elm və təhsil 2019-10-16 19:23:00