×
A
A
A
Sazlamalar

Kataloniyada iğtişaşlar nəticəsində 250 mitinq iştirakçısı və 140 polis əməkdaşı zərər çəkib

Madrid, 16 oktyabr, AZƏRTAC

Bütün Barselonanı bürümüş ciddi iğtişaşlara gətirib çıxaran etiraz aksiyaları günorta saatlarından səhər açılanadək davam edib. Kataloniya polisi və İspaniya Milli polisi 51 adam həbs edib.
AZƏRTAC xəbər verir ki, etirazçıların polislə toqquşması nəticəsində 250-dək mülki şəxs, hüquq-mühafizə orqanlarının 140 əməkdaşı zərər çəkib.
Hazırda Jironada müstəqillik marşı keçirilir. Jeneralitetin Prezidenti Kim Torra marşa qoşulub.
Cümə günü Kataloniyada ümumi tətil planlaşdırılıb.
İspaniya hökuməti bəyan edib ki, Kataloniyada təhlükəsizliyə və dinc yanaşı yaşamaya zəmanət verəcək, lazım gəldikdə, sərtlik, tarazlıq və birlik zəminində hərəkət edəcək.
Xatırladaq ki, oktyabrın 14-də İspaniya Ali Məhkəməsi müstəqillik haqqında referendumun təşkilinə aidiyyəti olan regional siyasətçilər barəsində hökm çıxarandan sonra Kataloniyada aksiyalar başlayıb. Hökmə görə, kataloniyalı siyasətçilər 13 il müddətinə qədər həbs cəzasına məhkum edilib. Onların bəziləri qiyama təşviq etməkdə və israfçılıqda təqsirli bilinib. Kataloniya hökuməti başçısının sabiq müavini Oriol Junkeras maksimal müddətə həbs cəzasına məhkum edilib.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Dünya 2019-10-16 19:07:00