×
A
A
A
Sazlamalar

Ümumdünya Qida Günü: Qida konvoyu rekord miqdarda yardım çatdırır

Bakı, 16 oktyabr, AZƏRTAC

Ümumdünya Qida Günü münasibətilə Budapeştin mərkəzində ianə kimi verilmiş qida məhsulları ilə dolu yük avtomobilləri görünüb. Məqsəd – ictimaiyyətin diqqətini sağlam qidalanma probleminə, ərzaq itkisinin və qida tullantılarının azaldılması məsələlərinə cəlb etməkdir.
AZƏRTAC FAO-nun press-relizinə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Macarıstan Ərzaq Bankları Assosiasiyasının birgə təşkil etdiyi aksiyanın məqsədi əhalinin məlumat səviyyəsini artırmaq, həmçinin ehtiyacı olan macar ailələrinə kömək etməkdir.
Həmin yük maşınlarında 50 ton ərzaq məhsulu - saxlama müddəti böyük olan müxtəlif qida məhsulları, o cümlədən makaron məmulatı, konservlər, peçenye, içkilər və şokolad vardı. Budapeştin mərkəzindəki Qəhrəmanlar Meydanında avtomobil dəstəsinin qarşılanması şərəfinə keçirilən mətbuat konfransında FAO-nun, Macarıstan Ərzaq Bankları Assosiasiyasının və Macarıstan Kənd Təsərrüfatı Nazirliyinin yüksəkvəzifəli nümayəndələri iştirak ediblər.
FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, təşkilatın baş direktorunun müavini Vladimir Raxmanin deyib: “Bizim qlobal məqsədimiz aclığı sıfıra endirməkdir. Bu, təkcə aclığa qarşı mübarizə deyil, həm də sağlam qidalanmanın təmin edilməsi və planetimizin qorunub saxlanması deməkdir. Bu il Ümumdünya Qida Günü sağlam və davamlı qidalanmanın hamı üçün əlçatan olmasını təmin etməyə, cəmiyyətin müxtəlif sektorlarında daha fəal olmağa çağırır”.
FAO-nun məlumatına görə, hər il dünyada istehsal edilən ərzağın təqribən üçdəbir hissəsi tullantıya çevrilir. İstehsal edilən ərzaq məhsullarının miqdarı planetdə bütün insanları yedirtmək üçün kifayətdir. Buna baxmayaraq hər il 820 milyona yaxın insan aclıqdan əziyyət çəkir. Aclığın kökünü kəsmək üçün insanların zəruri kalorilərlə təmin edilməsi kifayət deyil. İnsanları müxtəlif sağlam qidalarla təmin etmək, təbii ehtiyatları qorumaq lazımdır. Ərzaq itkisinin və qida tullantılarının azaldılması bu sahədə vəziyyəti xeyli yaxşılaşdırmağa imkan verərdi.
Raxmanin qeyd edib ki, ərzaq itkilərinin və qida tullantılarının azaldılması yolu ilə davamlı inkişafın mühüm məqsədlərinə, xüsusən ərzaq təhlükəsizliyi və ekoloji davamlılıq məsələlərinə nail olmaq mümkündür.
FAO 1945-ci il oktyabrın 16-da yaradılıb. Bu münasibətlə hər il oktyabrın 16-da FAO və onun tərəfdaşları Ümumdünya Qida Gününü qeyd edirlər. Bütün dünyada keçirilən tədbirlər əhalinin məlumat səviyyəsinin artırılmasına kömək edir, aclıqdan və doyunca yeməməyin digər formalarından əziyyət çəkənlərin adından fəaliyyətə çağırır, hər kəs üçün ərzaq təhlükəsizliyinin və sağlam qidalanmanın təmin edilməsi tədbirlərini stimullaşdırır. Ümumdünya Qida Günü ictimaiyyətə xatırladır ki, aclığa və doyunca yeməməyin bütün formalarına artıq müasir dövrdə son qoymaq, acılığı sıfır səviyyəsinə endirmək mümkündür, lakin bu məqsədə nail olmaq üçün hamı birgə çalışmalıdır.
Macarıstan Ərzaq Bankları Assosiasiyasının prezidenti Balaj Çex vurğulayıb ki, ərzaq konvoyu son 14 ildə əməkdaşlığın rəmzidir. O deyib: “Bizim Assosiasiya Ümumdünya Qida Günü münasibətilə vurğulamaq istərdi ki, ərzaq itkisi problemi yalnız qeyri-kommersiya sektoru, vətəndaş cəmiyyəti və müvafiq dövlət orqanları ilə tərəfdaşlıq şəraitində həll edilə bilər”.
Budapeştdə ərzaqla dolu yük maşınları dəstəsinə Macarıstanda və digər ölkələrdə qida məhsulları istehsalı və onların pərakəndə satışı ilə məşğul olan 20 şirkət qoşulub. Onlar hamısı Assosiasiyanın tərəfdaşlarıdır. Bu şirkətlər il ərzində artıq ərzağa qənaət edəcək və assosiasiyanın köməyi ilə onu ehtiyacı olanlara çatdıracaq.

Sosial 2019-10-16 19:00:00