×
A
A
A
Sazlamalar

Neonatologiya üzrə II Bakı beynəlxalq konqresinin treninq mərhələsinə start verilib

Bakı, 16 oktyabr, AZƏRTAC 

Oktyabrın 16-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında neonatologiya üzrə II Bakı beynəlxalq konqresinin treninq mərhələsinə start verilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Səhiyyə Nazirliyinin baş neonatoloqu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun yenidoğulanların reanimasiya şöbəsinin müdiri Rüstəm Hüseynov yenidoğulmuşlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə çalışan tibb işçilərinin peşə bacarıqları və biliklərinin artırılması baxımından təlimlərin təşkilinin əhəmiyyətli olduğunu qeyd edib.
ABŞ-ın Vanderbilt Universitetinin neonatologiya şöbəsinin dosenti Skot Qutri çıxış edərək ölkəmizin müxtəlif bölgələrindən gələn həkimlərə neonatologiyada müasir yanaşma prinsiplərindən danışıb, təcrübi vərdişlər üzərində izahlar verib.
Təlimlər çərçivəsində bir sıra elmi məqalələrin yazılması və digər məsələlərlə bağlı müzakirələr təşkil olunacaq. Treninq zamanı klinik tədqiqatların təşkili ilə bağlı sessiyaların keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, bir sıra yerli və xarici neanotoloqların məruzələrinin dinlənilməsi də planlaşdırılır.
Treninqlər üç gün davam edəcək. Tədbirə neonatologiya üzrə ikinci Bakı beynəlxalq konqresi və Azərbaycan-Türkiyə 3-cü intensiv təlim kursunun iştirakçıları qatılıblar.
Qeyd edək ki, konqres oktyabrın 17-də, intensiv təlim kursları isə oktyabrın 18-19-da keçiriləcək.

Səhiyyə 2019-10-16 18:53:00