×
A
A
A
Sazlamalar

AQTA: işçi qrupunun iclasında heyvan sağlamlığı sisteminin təkmilləşdirilməsi yolları müzakirə edilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Heyvan sağlamlığı sahəsində hazırlanan yeni texniki normativ hüquqi aktların beynəlxalq tələblərə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müvafiq əmri ilə yaradılmış heyvan sağlamlığı sahəsində işçi qrupun ilk iclası keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Səhiyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri və işçi qrupun digər üzvləri iştirak ediblər.
İclasda qeyd edilib ki, işçi qrupun yaradılmasında məqsəd ölkəmizdə heyvan xəstəlikləri ilə bağlı risklərin idarə edilməsi işinin təkmilləşdirilməsi, heyvanların sağlamlığının izlənilməsi və nəzarəti üzrə effektiv sistemin yaradılması, heyvan sağlamlığı sahəsində hazırlanan yeni texniki normativ hüquqi aktların Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) “Quruda və suda yaşayan heyvanların sağlamlığı kodeksi”nin tələblərinə uyğunlaşdırılmasının təmin edilməsindən ibarətdir. Həmçinin heyvan sağlamlığı sisteminin təkmilləşdirilməsi zərurətindən irəli gələrək bir çox normativ hüquqi aktların həm yenilənməsinə, həm də yenilərinin hazırlanmasına ehtiyac olduğu bildirilib.
İclasda işçi qrupun əsasnaməsi, “Baytarlıq apteklərinin fəaliyyətinə dair təlimat”, “Səyyar heyvan kəsim düşərgələrinə dair baytarlıq-sanitariya tələbləri” və “Risklərin təhlili haqqında təlimat” müzakirə olunub, təkliflər dinlənilib.

Sosial 2019-10-16 18:48:00