×
A
A
A
Sazlamalar

Bir gündə 650 min ağac əkilməsi təbiətin ekoloji cəhətdən sağlamlaşmasına müsbət təsir göstərəcək

Bakı, 16 oktyabr, AZƏRTAC 

Respublikamızda avtomobil və texnikanın sayı sürətlə artır. Maşınlarda istifadə olunan sürtkü materialları, sənaye yağları, yanacaq atmosferi çirkləndirir. İşlənmiş neft məhsullari kənara atıldıqda ekoloji gərginlik yaranır. Dünya alimlərinin araşdırmalarına görə, müasir dövrdə insanları narahat edən qorxulu xəstəliklərin yaranma səbəblərindən biri məhz ətraf mühitdə ekoloji tarazlığın pozulması nəticəsində yaranan oksidativ stres zamanı meydana çıxır. Belə halların qarşısını almaq, ekoloji təhlükəsizliyi və insan sağlamlığını təmin etmək üçün dünyada tətbiq olunan sınanmış üsullardan biri yaşıllıq sahələrinin artırılmasıdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkilməsi kampaniyası ekoloji sağlamlığa və insan təhlükəsizliyinə xidmət edəcək ən böyük aksiyadır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun Polimer aşqarlar laboratoriyasının müdiri, elmi müəssisənin Azad Həmkarlar Təşkilatının sədri Elxan İsakov deyib.
O bildirib ki, bu təşəbbüs iqlim dəyişmələri təsirlərinin azaldılması işinə və təbiətin ekoloji cəhətdən sağlamlaşmasına çox müsbət təsir göstərəcək. Təxmini hesablamalara görə, respublikamızda bir gün ərzində əkiləcək 650 min ağac sonrakı dövrdə hər il 2,6 min ton karbon qazının udulmasına səbəb olacaq.
Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərə töhfə vermək üçün 2030-cu ilə qədər istixana effekti yaradan qaz tullantıları səviyyəsinin 1990-cı ilə nisbətən 35 faiz aşağı salınmasını hədəf kimi götürüb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ölkəmizin Paris İqlim Sazişi çərçivəsində müəyyənləşdirdiyi hədəfə çatmaq istiqamətində çox uğurlu addım olacaq.
Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Neft-qaz sektorunda baş verən bir çox ilklər məhz ölkəmizin adı ilə bağlıdır. Elə dünyada sənaye üsulu ilə ilk neft quyusunun qazılması və istismarı da paytaxt Bakıdan başlanır. XX əsrin əvvəllərində Qaradağ rayonunda yerləşən Şubanı yatağından ilk dəfə sənaye üsulu ilə neft çıxarılmağa başlanıb. Bununla yanaşı, rayonda Puta, Korgöz, Lökbatan, Qızıl-Təpə, Quşxana, Şonqar, Pirsaat və digər sahələrdə də neft-qaz hasil edilib. Sovet dövründə hasilat primitiv üsullarla aparılıb və rayonun ekoloji mühitinə mənfi təsirlər meydana gəlib, torpaqlar neftlə çirklənib. Son dövrlərdə Bakı və Abşeron yarımadasında neftlə çirklənmiş hektarlarla torpaq təmizlənib, hazırda bu proses sürətlə davam edir. Təmizlənmiş ərazilərdə yaşıllıqların salınması vacibdir.
Elxan İsakov diqqətə çatdırıb ki, Aşqarlar Kimyası İnstitutu da neftlə çirklənmiş ərazilərin elmi əsaslandırılmış şəkildə təmizlənməsi prosesinə öz töhfəsini verir. Bu istiqamətdə Ukrayna Fondu ilə birlikdə beynəlxalq layihə reallaşdırılıb. Həmin təmizlənmiş ərazilərdə bu yaşıllaşdırma kampaniyası çərçivəsində ağacların əkilməsi bizim institutun əməyinə də töhfə vermiş olacaq.
“Böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyətin, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulacaqlar. Biz elmi ictimaiyyət də bu könüllülük hərəkatının önündə olmaq və prosesdə iştirak etməyi vacib bilirik. Çünki sağlamlığımızı qorumaqla özümüzü qorumuş oluruq”, - deyə Elxan İsakov qeyd edib.

Elm və təhsil 2019-10-16 18:38:00