×
A
A
A
Sazlamalar

İsveçrədə keçirilən tədbirdə ölkəmizdə texniki tənzimləyicilərin beynəlxalq tələblərə uyğunlaşdırılmasından danışılıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyinin tənzimlənməsi və istehlakçıların hüquqlarının müdafiəsi sektorunun müdiri Fərid Əmirov İsveçrənin Cenevrə şəhərində keçirilən “Qeyri-Tarif tədbirləri həftəsi” sessiyasında təqdimatla çıxış edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, beynəlxalq standartların yerli standartlara uyğunlaşdırılması mövzusunda keçirilən panel iclasda çıxış edərək ölkəmizdə texniki tənzimləyicilərin beynəlxalq tələblərə uyğunlaşdırılması mövzusunda - Avropa İttifaqının tənzimləyici sənədlərinə uyğunlaşdırma, Kodeks Alimentarius Milli Komissiyasının, eləcə də komissiyanın tərkibində alt komitələrinin yaradılması və işçi qrupların formalaşdırılması barədə danışıb. Sektor müdiri texniki tənzimləyici sənədlərin İşçi Qrupda hazırlanma mərhələsində olduğu və bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlığın davam etdirildiyi barədə məlumat verib.
Sessiyalar zamanı qeyri-tarif tədbirləri və ticarət münasibətləri, elektron ticarət, milli və regional tənzimləmənin uyğunluğu, əməkdaşlıq ilə bağlı siyasi təşəbbüslər, qeyri-tarif ticarət münasibətləri, beynəlxalq standartların tətbiqi üzrə orqanlar, Asiya və Sakit Okean hövzələrində qeyri-tarif və Dayanıqlı İnkişaf Məqsədləri üzrə əlaqələrin qurulması, balıqçılıq subsidiyalarında şəffaflığın təmin olunması mövzularında müzakirələr aparılıb.

Sosial 2019-10-16 17:56:00