×
A
A
A
Sazlamalar

“Caspian European Club”un ümumi toplantısı keçirilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sədrliyi ilə kubun üzv şirkətlərinin top-menecerlərinin ümumi toplantısı təşkil olunub.
Klubdan AZƏRTAC-a bildirilib ki, toplantıda idarə heyəti üzvlərinin, komitə rəhbərlərinin, “Caspian European Club”a daxil olan sahə və sahələrarası işçi qruplarının rəhbərlərinin hesabatları dinlənilib. İclas çərçivəsində yeni inkişaf strategiyası, “Caspian European Club”un üzv şirkətlərini maraqlandıran sual və təkliflər müzakirə olunub, həmçinin dördüncü rüb ərzində biznes-forumların, dəyirmi masaların və “CEO Lunch”ın təşkil olunacağı dövlət məmurlarının siyahısı tərtib edilib. Əsas diqqət beynəlxalq layihələrin inkişafına və “Caspian European Club”un Gürcüstan, Qazaxıstan, Özbəkistan, Ukrayna, Türkiyə və ofis, eləcə də daimi nümayəndəliklərin olduğu digər ölkələrdəki fəaliyyətinin irəliləyişinə yetirilib.
Yeni strategiyaya əsasən, “Caspian European Club” tərəfdaşları ilə birgə aylıq “Caspian Energy Investor” və illik “Caspian Energy Index” nəşrlərini bərpa edəcək. Hər iki layihə yalnız abunə yolu ilə əldə olunacaq və orada qanunvericilikdəki dəyişikliklər, investisiya təklifləri, tenderlər, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində fəaliyyət göstərməkdə maraqlı olan sahibkarlar və investorlar üçün faydalı məlumatlar öz əksini tapacaq.
Yeni strategiyada, həmçinin sahibkarların qeyri-rəsmi xarakterli aylıq tədbirlərdə iştirak etmək istəkləri əks olunacaq. Ənənəvi tədbirlər kimi bu görüşlər də şirkətlər arasında netvorkinqin yaxşılaşmasına xidmət edəcək. Sonda hər rübdə ümumi toplantıların təşkili ilə bağlı qərar qəbul edilib. Eyni zamanda, idarə heyəti üzvlərinin, komitə rəhbərlərinin, sahə və sahələrarası işçi qrup rəhbərlərinin növbəti seçkilərinin tarixi açıqlanıb. Ümumilikdə klubun idarə heyətinin hazırkı tərkibinin fəaliyyəti uğurlu qiymətləndirilib.
Sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb və mənzil-qərargahı Bakıda yerləşir. Klubun, həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var.

İqtisadiyyat 2019-10-16 17:36:00