Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sevinc Fətəliyeva: Türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyi şübhəsizdir

Bakı, 16 oktyabr, AZƏRTAC

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü və görüşdə müzakirə olunan məsələlər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Ötən dövr ərzində Türk Şurasının səmərəli fəaliyyət göstərdiyini qeyd edən S.Fətəliyeva Bakı şəhərində keçirilən zirvə görüşünün Türk Şurasının yaradılmasının 10-cu ildönümünə təsadüf etdiyini bildirib. O qeyd edib ki, bu dövr ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb. Türkdilli xalqları bir-birinə tarixi, milli, dini və mədəni köklər bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Vacib məqamlardan biri də odur ki, beynəlxalq müstəvidə də türkdilli dövlətlər bir-birini hər zaman fəal surətdə dəstəkləyir.
Deputat vurğulayıb ki, zirvə görüşündə dövlət başçılarının münasibətlərin inkişafı ilə bağlı irəli sürdükləri təkliflərin gələcəkdə reallaşması türkdilli dövlətlərin birliyini daha da gücləndirəcək. Yeddinci zirvə görüşündə Türk Şurasına sədrliyin Qırğızıstandan Azərbaycana keçməsi çox mühüm hadisədir. Ölkəmiz təşkilata uğurla sədrlik edəcək. Bu platforma qloballaşan dünyada bütün türk dünyasının birliyi baxımından çox önəmlidir. Ona görə də gələcəkdə türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyi şübhəsizdir.

Daxili siyasət 2019-10-16 17:13:00