×
A
A
A
Sazlamalar

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun 75 illik yubileyi münasibətilə sərgi açılıb

Moskva, 16 oktyabr, AZƏRTAC

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) 75 illik yubileyini qeyd edir. AZƏRTAC xəbər verir ki, bu münasibətlə ali məktəbin TASS agentliyi ilə birgə təşkil etdiyi “Yubileyin mübarək, MDBMİ” adlı sərgi Moskvanın mərkəzində, agentliyin binası qarşısında nümayiş etdirilir. Fotoşəkillərin qəhrəmanları dünyanın tanınmış siyasətçiləri və ictimai xadimlərdir. Onların arasında MDBMİ-nin məzunları - Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, müxtəlif vaxtlarda ali məktəbdə mühazirə oxumuş ABŞ-ın sabiq Prezidenti Bill Klinton, Britaniyanın sabiq Baş Naziri Marqaret Tetçer, Fransanın sabiq Prezidenti Nikola Sarkozi və başqaları da var.
TASS Agentliyinin korporativ kommunikasiyalar departamentinin məlumatına görə, sərgidə Rusiya və dünyanın intellektual potensialını formalaşdıran MDBMİ-nin tarixi və bu günündən bəhs edən 20 fotoşəkil toplanıb. Ekspozisiyaya TASS-ın fotoqraflarının çəkdiyi, eləcə də MDBMİ-nin mətbuat xidmətinin təqdim etdiyi fotoşəkillər daxildir.
MDBMİ 1944-cü il oktyabrın 14-də yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyev 1977-1983-ci illərdə bu ali məktəbdə təhsil alıb. 1985-ci ildə MDBMİ-nin aspirantura bölməsində təhsilini başa vuraraq dissertasiya müdafiə edib və tarix elmləri namizədi elmi adını qazanıb. Sonra institutda müəllimlik fəaliyyəti ilə məşğul olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Elm və təhsil 2019-10-16 16:31:00