×
A
A
A
Sazlamalar

Yol polisi “Diqqət uşaqlar!” adlı təhlükəsizlik aylığına yekun vurub

Bakı, 16 oktyabr, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi və Bakı Şəhər Dövlət Yol Polisi idarələrinin birgə təşkilatçılığı ilə Bakı Şəhər 1 nömrəli Uşaq-Gənclər Mərkəzində “Diqqət uşaqlar!” adlı təhlükəsizlik aylığının başa çatmasına həsr olunan tədbir keçirib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov, mərkəzin rəhbərliyinin, eləcə də şagirdlərin iştirakı keçirilən tədbirdə çıxış edənlər “Diqqət uşaqlar!” adlı təhlükəsizlik aylığının keçirilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, təşkilati-hüquqi və ələlxüsus maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsini özündə ehtiva edən bu tip tədbirlərin uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına mühüm töhfələr verir.
Şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı məktəblərdə öyrəndikləri biliklərin, yiyələndikləri vərdişlərin hər zaman onların köməyinə çatacağı xüsusilə vurğulanıb. Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, bu sahədə daha səmərəli və innovativ tədbirlərin tətbiqi ilə bağlı yol polisi tərəfindən zəruri addımlar atılır. Bildirilib ki, analoji tədbirlər davam etdiriləcək.
Daha sonra “İdrak” liseyinin və Bakı Şəhər 1 nömrəli Uşaq-Gənclər Mərkəzinin şagirdlərinin iştirakı ilə yol hərəkəti təhlükəsizliyinə dair maraqlı səhnəciklər göstərilib.
Qeyd edək ki, yeni dərs ilinin başlanması ilə əlaqədar DİN rəhbərliyinin göstərişinə əsasən sentyabrın 15-dən oktyabrın 15-dək respublika ərazisində “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilib. Bu tədbirlə əlaqədar, kütləvi informasiya vasitələrində elan və məlumat xarakterli materiallar yayımlanıb, dövlət yol polisi qurumlarının əməkdaşları tərəfindən xidməti ərazidə uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılıb, onların baş verməsinə səbəb olan amillərin aradan qaldırılması, bu sahədə profilaktik və maarifləndirmə tədbirlərinin daha gücləndirilməsi istiqamətində əməli addımlar atılıb. Belə ki, respublikanın təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraiti müayinə olunub, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yeni yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, eləcə də silinmiş və ya ümumiyyətlə mövcud olmayan nişanlanma xətlərinin çəkilməsi təmin edilib.
Təhsil Nazirliyinin aidiyyəti qurumlarının bilavasitə iştirakı ilə keçirilən görüşlər zamanı innovativ üsul və vasitələrdən istifadə etməklə ətraflı məlumat verilib, maraqlı müzakirələr, viktorinalar təşkil olunub, fərqlənən məktəblilərə hədiyyələr verilib.

Sosial 2019-10-16 16:04:00