×
A
A
A
Sazlamalar

Gürcüstan beynəlxalq terrorizmə qarşı mübarizədə tərəfdaş ölkələrlə sıx əməkdaşlıq edir

Tbilisi, 16 oktyabr, AZƏRTAC

Gürcüstan beynəlxalq terrorizmə qarşı mübarizədə tərəfdaş ölkələrlə sıx əməkdaşlıq edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri vəzifəsinə namizəd Qriqol Liluaşvili parlamentin müdafiə və təhlükəsizlik məsələləri komitəsində çıxış edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti ölkədə terror təşkilatlarının potensial tərəfdarlarının sayını xeyli dərəcədə azaldılmasına nail olub. DTX terrorçularla əlaqəsi olan şəxslərin Gürcüstan ərazisindən tranzit kimi istifadə etməsi cəhdlərini minimuma endirib.
DTX sədri vəzifəsinə namizəd deyib ki, İŞİD əsas təhlükə mənbəyi kimi hələ də mövcuddur. İŞİD açıq döyüş əməliyyatlarında çoxlu sayda döyüşçüsünü itirib və artıq tənəzzülə uğrayıb. Artıq açıq fəaliyyətdən gizli fəaliyyətə keçib və ayrı-ayrı məntəqələrdə terror aktları təşkil edir. İŞİD-in zəifləməsi heç kimi arxayınlaşdırmamalıdır. Suriyada koalisiya qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar zamanı sağ qalan terrorçular, onların ailə üzvləri qaçqın düşərgələrində gizlənməklə yeni risklər yarada bilərlər. Gürcüstan DTX bunu nəzərə alaraq daha dəqiq və güclü işləyəcək.
Qeyd edək ki, Q.Liluaşvili hazırda DTX rəhbərinin vəzifəsini icra edir.
Gürcüstan hökuməti oktyabrın 7-də onun xidmət rəisi vəzifəsinə namizədliyini parlamentə təklif edib.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-10-16 15:40:00