×
A
A
A
Sazlamalar

Radiasiya Problemləri İnstitutunda aparılan tədqiqatlara dair hesabatlar təqdim edilib

Bakı, 16 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) 2019-cu ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair laboratoriya və şöbələrin hesabat iclaslarına başlanılıb.
RPİ-dən AZƏRTAC-a bildiriblər ki, iclasın birinci günü institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov iştirakçıları gündəlikdəki cari məsələlərlə tanış edib.
İclasda ətraf mühitə zərərli faktorların fizika və kimyası laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətov bildirib ki, 2019-cu ildə iş planı üzrə müvafiq su hövzələrindən nümunələr götürülüb, aparılan tədqiqatların yekununda isə 6 nəticə əldə edilib. Laboratoriya əməkdaşları tərəfindən 5 məqalə və 2 tezis çap etdirilib, həmçinin 1 məqalə və 6 tezis çapa təqdim olunub.
Polimerlərin radiasiya kimyası və texnologiyası laboratoriyasının rəhbəri, kimya üzrə elmlər doktoru Şiraz Məmmədov qeyd edib ki, hesabat ilində ümumilikdə 5 nəticə alınıb, həmçinin 5 tezis və 1-i xaricdə olmaqla 4 məqalə çap etdirilib. Laboratoriya tərəfindən 3 patent üçün iddia sənədi təqdim edilib, 1 kitab və 1 biblioqrafiya nəşr olunub, eləcə də əməkdaşlar müxtəlif diplom və mükafatlara layiq görülüb.
Polimer və elektroaktiv materialların radiasiya fizikası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Arif Məhərrəmov hesabat ilində 3 nəticə əldə edildiyini, 14 məqalə və 14 tezisin çap olunduğunu deyib.
Seqnetoelektriklərin radiasiya fizikası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Rauf Sərdarlı kadr hazırlığı, beynəlxalq əlaqələr və qrant layihələrdə iştirak haqqında statistik rəqəmləri diqqətə çatdırıb. Bildirib ki, cari ildə 2 nəticə əldə olunub, 1 kitab, 3-ü xaricdə olmaqla 9 məqalə və 5 tezis çap etdirilib.

Elm və təhsil 2019-10-16 14:57:00