×
A
A
A
Sazlamalar

Bələdiyyə seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün ciddi hazırlıq işləri görülür

Bakı, 16 oktyabr, AZƏRTAC
İyirmi bir saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir.
AZƏRTAC xəbər verir ki, kurslar Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə keçirilir.
Oktyabrın 16-da keçirilən kursda Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili ilə əlaqədar ətraflı məlumat verib, əvvəlki seçkilərin təcrübəsindən çıxış edərək ortaya çıxa biləcək bir sıra məsələləri nəzərə çatdırıb.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, müavinlər Anar Tağıyev və Qurban İsmayılov kurslarda seçkiqabağı təşviqatın təşkilinə şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması və bu istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu mövzusunda danışıblar. Onlar yerli icra və bələdiyyə qurumlarının və digər təşkilatların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrin qurulması məsələlərinə, eləcə də texniki məsələlərə toxunublar.
Nəsimi Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi Elçin İsgəndərov, 19-cu polis bölməsinin rəisi, polkovnik-leytenant Habil Həsənov seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri mövzusunda çıxış ediblər. Onlar seçkilərin şəffaf, azad keçirilməsi üçün seçki qanunvericiliyi ilə bağlı normalar, seçki hüquqlarının müdafiəsi və həmin hüquqların pozulması ilə əlaqədar hüquq-mühafizə orqanlarının üzərinə düşən vəzifələr barədə ətraflı məlumat veriblər.
Kurslarda bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar aşağı seçki komissiyalarının vəzifələri, səsvermə günü görüləcək işlər, səsvermə prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquqları və fəaliyyəti məsələlərinə toxunulub, məntəqə seçki komissiyalarının sədrləri ilə söhbətlər olub, onların sualları cavablandırılıb.
İyirmi bir saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Çingiz Dadaşov AZƏRTAC-a bildirib ki, bələdiyyə seçkilərinin şəffaf və qanunamüvafiq keçirilməsində maarifləndirici seminar və kursların böyük əhəmiyyəti var. Kurslarda bələdiyyə seçkilərinə hazırlığın gedişi haqqında məlumat verilir, Seçki Məcəlləsinin bəzi müddəaları şərh olunur. Tədris proqramına uyğun olaraq kurslarda MSK təmsilçiləri, dairə seçki komissiyalarının sədrləri, habelə yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər şəxsləri tərəfindən təqdimatlar keçirilir və müxtəlif mövzular ətrafında müzakirələr aparılır.
Komissiya sədrinin verdiyi məlumata görə, 29 seçki məntəqəsinin fəaliyyət göstərdiyi dairədə 34 min 243 seçici qeydə alınıb. Məntəqələr lazımi texniki avadanlıqla və məlumat kitabçaları ilə tam təchiz edilib. Şəffaflığın təmin olunması məqsədilə 10 məntəqədə veb-kameralar quraşdırılıb.

Cəmiyyət 2019-10-16 15:12:00