×
A
A
A
Sazlamalar

Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü Səbail rayonunda qeyd olunub

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində dövlət müstəqilliyimizin bərpasının 28-ci ildönümünə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı, Səbail Rayon İcra Hakimiyyəti və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, partiya fəalları və gənclər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, akademik Nailə Vəlixanlı tədbiri giriş sözü ilə açaraq xalqımızın ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa etməsini mühüm tarixi hadisə kimi qiymətləndirib. O, müstəqilliyin möhkəmlənməsində və milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayaraq, bu böyük şəxsiyyətin rəhbərliyi altında Azərbaycanın tarixi nailiyyətlərə imza atdığını söyləyib. Akademik qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün müasir müstəqil Azərbaycan dinamik şəkildə inkişaf edir, xalqımızın rifahı ildən-ilə yaxşılaşır. Bildirilib ki, 1991-ci ildə Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa edib, oktyabrın 18-də respublika Ali Sovetinin qəbul etdiyi “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına dekabrın 30-da ümumxalq səsverməsi - referendum vasitəsilə hüquqi təminat yaradılıb.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Azərbaycanın qədim dövlətçilik tarixi, XX əsrin əvvəllərində müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay müddətində formalaşdırdığı müstəqil dövlətçilik ənənələri, Azərbaycanın 70 il ərzində SSRİ tərkibindəki formal müstəqilliyinin müxtəlif aspektləri, XX əsrin sonlarında respublikamızda milli özünəqayıdış hərəkatının başlanması, dövlət müstəqilliyimizin bərpa olunmasının ilk illərində ölkəmizdə cərəyan edən ictimai-siyasi və sosial-iqtisadi hadisələr, ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında yerinə yetirdiyi tarixi xidmətlər və Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 il ərzində ölkə daxilində və beynəlxalq səviyyədə əldə olunan uğurlar, Azərbaycanda müşahidə olunan dinamik iqtisadi tərəqqi, ictimai-siyasi sabitlik və gündən-günə daha da möhkəmlənən xalq-iqtidar birliyi haqqında ətraflı məlumat verib.
Deputat vurğulayıb ki, xalqımız və dövlətçiliyimiz üçün çox ağır və ziddiyyətli dövr olan 1991-1993-cü illərdə Azərbaycanda gedən son dərəcə gərgin və mürəkkəb proseslər, ictimai-siyasi həyatın bütün sahələrini əhatə edən dərin siyasi-iqtisadi böhran və torpaqlarımızın bir hissəsinin işğal olunması respublikadakı vəziyyəti daha da acınacaqlı etmişdi. 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin respublika üçün belə bir taleyüklü məqamda xalqın təkidi ilə ölkə rəhbərliyinə gəlməsi və müstəqilliyimizi qoruyub saxlayaraq xilaskarlıq missiyasını böyük cəsarət və fədakarlıqla yerinə yetirməsi nəticəsində Azərbaycan tənəzzüldən qurtuluş yoluna qədəm qoydu.
Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində Ulu Öndərin müstəqilliyimizi möhkəmləndirmək üçün gördüyü misilsiz işlər və həyata keçirdiyi tədbirlərə diqqət çəkən Ş.Hacıyev bu uğur xronologiyası çərçivəsində SSRİ məkanında ilk dəfə Azərbaycanda torpaq islahatının reallaşdırılmasını, bütün sosial-iqtisadi sahələri idarə etmək üçün zəruri institutların formalaşdırılmasını və Azərbaycanın bugünkü müstəqilliyinin əsas təməli və qarantı olan “Əsrin müqaviləsi”nin imzalanmasını xüsusi qeyd edib.
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsindən sonra Azərbaycanın müstəqilliyinin tamamilə yeni mərhələdə və keyfiyyət müstəvisində daha da möhkəmləndirilməsindən danışan deputat ölkəmizin, sözün əsl mənasında, müstəqil və yüksək nüfuz sahibi olan dövlət kimi formalaşdığını diqqətə çatdırıb: “Dövlət başçısı İlham Əliyevin hakimiyyətə gəlməsinin 16 illiyini qeyd etdiyimiz bu günlərdə, geriyə nəzər saldıqda, mübaliğəsiz demək olar ki, ötən 16 il müstəqillik tariximizin ən uğurlu və ən şanlı səhifəsidir. Bu dövrdə Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi, onun müasir dövrün tələb və çağırışlarına, eləcə də dünyada baş verən qlobal proseslərə müvafiq olaraq keyfiyyətcə təkmilləşdirilməsi sayəsində Azərbaycanda möhtəşəm uğurlar əldə edilib, cəmiyyət həyatının istisnasız olaraq bütün sahələrində sıçrayışlı inkişafa, tərəqqiyə və modernləşməyə nail olunub”.
Ümummilli lider Heydər Əliyevin dövlətçilik prinsiplərinə arxalanan İlham Əliyevin modernləşmə və tərəqqi siyasətinin bundan sonra da dövlətimizi böyük uğurlara və yüksək rifaha aparacağını vurğulayan Ş.Hacıyev Azərbaycan Respublikasının müstəqilliyinin əbədi olacağına əminliyini ifadə edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi, dosent Bəhman Kərimov, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi Kəmalə Həsənova və digər çıxış edənlər müstəqilliyimizin müxtəlif dövrlərində həyata keçirilən tədbirlərdən, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəqilliyimizin qorunmasında və inkişafındakı misilsiz xidmətlərindən danışıblar.
Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı “Səs“ media qrupunun hazırladığı film nümayiş olunub.

Elm və təhsil 2019-10-16 14:37:00