×
A
A
A
Sazlamalar

Azərbaycanlı alim ABŞ Dövlət Departamentinin tədqiqat təqaüdünü qazanıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsi-2 nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının dosenti Məlahət Vəliyeva ABŞ Dövlət Departamentinin alimlər üçün nəzərdə tutulmuş tədqiqat təqaüdünü qazanıb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, o, ABŞ-ın Filadelfiya şəhərindəki Temple Universitetində təcrübə keçib, eləcə də ölkənin digər universitetlərinin professorlarının mühazirələrində, panel müzakirələrində iştirak edib. Təcrübə zamanı Məlahət Vəliyeva ABŞ-ın təhsil sistemi, ölkədə ali təhsil səviyyəsində tədrisin aparılması, multikulturalizm, dini plüralizm və dünyada sülhün qorunması haqqında məlumat alıb. Eyni zamanda, ölkəmizdə hökm sürən multikultural və tolerant mühit barədə ABŞ universitetlərinin əməkdaşlarını məlumatlandırıb.
Səfərdən qayıtdıqdan sonra Məlahət Vəliyeva kafedra əməkdaşları üçün ABŞ-da ali təhsil sistemi haqqında seminar təşkil edib. O, ABŞ universitetlərində tətbiq olunan tədris metodları, qiymətləndirmə sistemi, tələbə-müəllim münasibətləri barədə sualları cavablandırıb və bu ölkənin ali təhsil təcrübəsinin müsbət cəhətlərini vurğulayıb.

Elm və təhsil 2019-10-16 14:40:00