×
A
A
A
Sazlamalar

“Huawei” kompaniyasının doqquz aylıq gəliri 24,4 faiz artıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Çinin “Huawei” telekommunikasiya korporasiyasının carı ilin doqquz ayında satışlardan əldə etdiyi qazancı 24,4 faiz artaraq 610,8 milyard yuana (85,6 milyard dollar) çatıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə bəyanat kompaniyanın “WeChat” sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanıb.
Məlumata əsasən, həmin dövr ərzində “Huawei” korporasiyasının xalis gəliri 8,7 faiz artıb. Kompaniya doqquz ay ərzində 185 milyon smartfon satıb ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 26 faiz çoxdur.
Hazırda “Huawei” digər dövlətlərlə qlobal beşinci nəsil mobil əlaqə şəbəkəsinin genişləndirilməsi üzrə 60-dan çox müqavilə imzalayıb.
Əsası 1987-ci ildə qoyulan “Huawei” korporasiyası telekommunikasiya avadanlıqlarının, həmçinin istehlak qurğularının, smartfonların istehsalı ilə məşğul olur. Kompaniyanın məhsulları və xidmətləri dünyanın 170-dən çox ölkəsində təklif edilir. ABŞ və Avstraliyanın texniki casusluq və məxfi informasiya toplamaq barədə ittihamlarından sonra kompaniya beynəlxalq iqtisadi sanksiyalar təhlükəsi ilə üzləşib.
Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Bununla bağlı Birləşmiş Ştatların Ticarət Nazirliyi milli təhlükəsizliyə təhdid səbəbindən “Huawei” kompaniyasını qara siyahıya salıb.

Dünya 2019-10-16 14:34:00