×
A
A
A
Sazlamalar

Sumqayıt Regional Mədəniyyət İdarəsinin internet televiziyası fəaliyyət başlayıb

Sumqayıt, 16 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində gənc pianoçuların IV respublika müsabiqəsinin, o cümlədən uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsinin laureatları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov qaliblərə Mədəniyyət Nazirliyinin diplom və hədiyyələrini təqdim edib.
İdarə rəisi Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş Birinci Mədəniyyət festivalında fəal iştiraklarına görə mədəniyyət müəssisələrinin kollektivlərinə təşəkkürünü bildirib. O, gələcəkdə bu kimi festivalların ənənəvi keçiriləcəyini qeyd edərək, regionda fəaliyyət göstərən sənət adamlarının beynəlxalq festivallarda da təmsil olunması üçün kifayət qədər potensialın olduğunu vurğulayıb.
Mehman Şükürov Artıq Sumqayıt Regional Mədəniyyət İdarəsinin texniki imkanları sayəsində internet televiziyasının fəaliyyətə başladığını bildirib, istedadlı gənclərin bu televiziya vasitəsilə təbliğ olunmasının vacibliyini vurğulayıb.
Sonda Birinci Mədəniyyət festivalında fəal iştiraklarına görə mədəniyyət müəssisələrinin kollektivləri idarənin fəxri fərmanı ilə təltif edilib.

Regionlar 2019-10-16 14:18:00