×
A
A
A
Sazlamalar

Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib

Bakı, 16 oktyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən ölkə ərazisində ilk dəfə Bakı şəhəri və Abşeron yarımadası ərazisində Avropanın “DAB+” (Digital Audio Broadcasting) standartı ilə rəqəmli radionun test yayımı həyata keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “DAB+” standartlı rəqəmli radionun tətbiqi məqsədilə Bakı Teleqüllə Kompleksində baş stansiya avadanlıqları, 1 kVt-lıq rəqəmli radioverici və 1x6 konfiqurasiyalı antena sistemi quraşdırılaraq istismara verilib. Nəticədə Azərbaycanda ilk dəfə olaraq cari il avqustun 26-dan etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində 218,6 MHs (11B) tezliyində bir paketdə 12 radio proqramının – Azərbaycan radiosu, “İctimai” FM, “Araz” FM, “Radio Anten”, “Lider” FM, “Space” FM, “Media” FM, “Xəzər” FM, “Radio Qrup” şirkəti, “Avto Radio” FM, “Asan” FM, “Azad Azərbaycan” FM-in rəqəmli test yayımına başlanıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən aparılmış müvafiq radiomonitorinq işləri nəticəsində rəqəmli radio siqnalının Bakı şəhəri və Abşeron yarımadasının bütün ərazisində inamlı qəbulu müəyyən edilib.
Hazırda “DAB+” standartlı rəqəmli radio FM diapazonunda yayımlanan analoq radio ilə paralel yayımlanır. Gələcəkdə Azərbaycanda “DAB+” standartını dəstəkləyən radioqəbuledicilərin istifadəsi geniş yayılarsa, bölgələrdə də rəqəmli radio yayımlana bilər.
Ölkəmizdə “DAB+” standartlı rəqəmli radio yayımına başlanılmasına dair məlumatlar Cenevrədə Avropa Yayım Birliyində fəaliyyət göstərən, “DAB” standartlı rəqəmli radio yayımı üzrə dünyada ən nüfuzlu təşkilat olan “WorldDAB” Forumunun məlumat bazasında və “www.worlddab.org” rəsmi internet informasiya ehtiyatında yerləşdirilib. Belə ki, cəmi 27 ölkənin yer aldığı siyahıya Azərbaycanın da adı daxil edilib.
Rəqəmli televiziya yayımında olduğu kimi, rəqəmli radio yayımında da radio proqramların bir paketdə yayımlanmaqla, bir tezlikdə qəbulu mümkündür. Rəqəmli radio yayımı radiotezlik spektrindən daha səmərəli istifadəyə, radiosiqnalın daha inamlı qəbuluna, bir tezlik zolağında informasiyaların video, qrafik və mətn şəklində ötürülə bilməsinə imkan verir, həmçinin tək tezlikli şəbəkə (SFN) rejimində yayım üstünlüyünə malikdir.
Eyni zamanda, bu növ yayımın qəbuledicinin yerləşdiyi avtomobil, qatar və digər hərəkət edən obyektlərin sürətindən asılı olmayaraq radiosiqnalın əhatə dairəsinin istənilən nöqtəsində inamlı qəbul imkanı mövcuddur.
Rəqəmli radionu məişət və avtomobillərdə qəbul etmək üçün “DAB+” standartını dəstəkləyən qəbuledicilər tələb olunur. 2012-ci ildən sonra Avropada istehsal edilən avtomobillərdə “DAB+” standartını dəstəkləyən radioqəbuledicilər mövcuddur. Onlara müvafiq proqram təminatı yükləməklə rəqəmli radionu qəbul etmək mümkündür.

İKT 2019-10-16 13:28:00