×
A
A
A
Sazlamalar

Pərvin Kərimzadə: Türk Şurasının VII Zirvə Görüşü türkdilli ölkələrin birliyinin daha da güclənməsinə şərait yaradacaq

Bakı, 16 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Oktyabrın 15-də Türkdilli Dövlətlərin rəhbərləri Bakıda bir araya gələrək, regionun bugünkü reallıqlarını, gələcək istiqamətlərini müzakirə etdilər. Təməli 10 il əvvəl - 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə Görüşündə qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü türkdilli ölkələr arasında iqtisadi əlaqələrə, kiçik və orta sahibkarlığa həsr edildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, ötən 10 il ərzində türkdilli ölkələr arasında təhsil, elm və mədəniyyət, nəqliyyat, turizm, media və informasiya sahələrində imzalanan əməkdaşlıq sazişləri, birgə verilən bəyanatlar türkdilli dövlətlərin birliyini bir daha nümayiş etdirib.
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iqtisadi sahədə atılan addımlar, verilən qərarlar da əvvəlki sazişlər kimi dünyada türk birliyinin daha da güclənməsinə şərait yaradacaq. İlk dəfə olaraq Özbəkistanın da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə tamhüquqlu üzvü kimi iştirakı, Budapeştdə Türk Şurasının Nümayəndəliyinin açılması türk dünyasının birliyinin daha da gücləndirilməsi istiqamətində atılan addımların davamı oldu.
Türkdilli dövlətlərin ortaq mövqeyi, dostluq, qardaşlıq əlaqələrinin həm ikitərəfli formatda, həm də çoxtərəfli müstəvidə daha da güclənməsi quruma üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə hər zaman yeni töhfələr verib”, – deyə P.Kərimzadə qeyd edib.

Siyasət 2019-10-16 13:22:00