×
A
A
A
Sazlamalar

Azərbaycan Universiteti və Çexiya Hərbi Universitetinin əməkdaşları birgə tədqiqat işini yekunlaşdırıb

Bakı, 16 oktyabr, AZƏRTAC 

Azərbaycan Universitetinin beynəlmiləlləşməsi və beynəlxalq imicinin formalaşdırılması istiqamətində aparılan çoxşaxəli işlərin tərkib hissəsi olaraq dünyanın qabaqcıl ali məktəbləri ilə elm və tədris sahəsində əlaqələrin inkişafına xüsusi diqqət yetirilir, qarşılıqlı faydalı əməkdaşlıq qurulur. Görülən işlərin bariz nümunələrindən biri Azərbaycan Universiteti və Çex Respublikasının Praqa şəhərində yerləşən Hərbi Universitetin əməkdaşlarından ibarət birgə tədqiqat qrupunun yaradılmasıdır.
Azərbaycan Universitetindən AZƏRTAC-a bildirilib ki, ilyarım ərzində fəaliyyət göstərən tədqiqat qrupuna ali məktəbin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov, Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva, İnformasiya–kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Riyaziyyat və informatika fakültəsinin dosenti Bəhrəm Əzizov, Praqa Hərbi Universitetindən isə Michal Smerek, Veronika Lacinova daxildir.
Tədqiqat qrupunun ekspert sistemlərinin və qeyri-səlis nəzəriyyənin logistikada yüklərin daşınması riskinin qiymətləndirilməsinə tətbiqi (Application of Decision-Making Expert Systems in Transportation) ilə bağlı apardığı araşdırmanın nəticəsi “Naše More-International Journal of Maritime & Technology” jurnalında elmi məqalə kimi dərc olunub. Xorvatiyada çap olunan jurnal “Web of Science” bazasında indekslənir.
Qarşılıqlı razılaşma əsasında tədqiqatların gələcəkdə də davam və inkişaf etdirilməsi və bu qrupa digər elmi mərkəzlərin alimlərinin də cəlb olunması nəzərdə tutulur.

Elm və təhsil 2019-10-16 12:55:00