×
A
A
A
Sazlamalar

“Azəriqaz”: 29 qəsəbə və yaşayış məntəqəsi, eləcə də 10 yeni yaşayış massivi qazlaşdırılıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Cari ildə regionlar üzrə 29 qəsəbə və kənd yaşayış məntəqəsi, həmçinin 10 yeni salınmış yaşayış massivinə təbii qazın verilməsi təmin olunub.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, bölgələrdə bu günədək qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində işlər davam edir. Belə ki, 2019-2020-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədilə tərtib olunan tədbirlər proqramına uyğun olaraq ilk növbədə kənd və qəsəbələrin, eyni zamanda, Bakı şəhərində, paytaxt ətrafı ərazilərdə istismara yararsız vəziyyətdə olan bir sıra daşıyıcı qaz kəmərləri yenidən qurulub.
Yanvar-sentyabr ayları ərzində ümumilikdə 1376,7 kilometr müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 487,7 kilometr qaz kəmərləri əsaslı təmir edilib. Bundan əlavə, Bakı Regional Qaz İstismarı Departamenti, 8 Regional Qaz İstismarı İdarələri və Sumqayıt Qaz İstismarı Sahəsi üzrə daxili imkanlar hesabına 9 ayda 246,62 kilometr uzunluğunda müxtəlif diametrli qaz xətləri təmir olunaraq yenisi ilə əvəz edilib. Bu işlərlə paralel olaraq kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqlar dəyişdirilib.
Bu günə olan məlumata görə, regionlar üzrə 29 qəsəbə, kənd yaşayış məntəqəsinə və 10 yeni salınmış yaşayış massivinə təbii qazın verilməsi təmin edilib. Doqquz ayda 65 min 124 yeni əhali abonenti qeydiyyata alınıb. Beləliklə, respublika üzrə qazla təmin olunan ümumi istehlakçıların sayı 2 milyon 246 min 968-ə çatıb.

Neft - qaz 2019-10-16 12:10:00