×
A
A
A
Sazlamalar

STEAM layihəsinin tətbiq olunduğu məktəbə mediatur

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyaya mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, mediaturun məqsədi gimnaziyada STEAM layihəsinin tədrisi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırmaq, onları bu ildən pilot kimi həyata keçirilən layihə çərçivəsində görülən işlərlə əyani tanış etmək olub.
Mediaturda məlumat verilib ki, Təhsil Nazirliyi tərəfindən başlanılan STEAM layihəsi hazırda Bakı şəhərindəki 42 ümumi təhsil müəssisəsini və 6 mindən çox şagirdi əhatə edir. Layihənin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib.
Sonra media nümayəndələri STEAM tədris otağında yaradılmış şəraitlə tanış olub, tədris prosesini izləyib, müəllim və şagirdlərlə söhbət aparıblar.
STEAM təhsil metodu şagirdlərə beş sahənin - elm (science), texnologiya (technology), mühəndislik (engineering), incəsənət (art) və riyaziyyatın (math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədir, real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM layihəsi şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır.
Layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir təhsil çağırışları əsasında tətbiq olunan təhsil yeniliklərinin ölkəmizdə reallaşdırılması imkanlarının öyrənilməsi və tədrisidir. Layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumatlar yerləşdirilir.
STEAM təhsilinin tədrisi məqsədilə 34 məktəbdən 104 müəllim peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak edib.
Növbəti ildən regionların da bu layihədə iştirakının təmin edilməsi və şagirdlərin sayının 20 minə çatdırılması nəzərdə tutulur.
Gimnaziyanın direktoru Xəyalə Əhmədzadə STEAM layihəsinin tətbiqinin əhəmiyyətini qeyd edib. Təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verən direktor burada ingilis və ərəb dilləri üzrə təmayül siniflərinin fəaliyyət göstərdiyini deyib.
Layihənin əlaqələndiricisi, Təhsil İnstitutunun nümayəndəsi İqrar Nəzərov bildirib ki, STEAM layihəsinin tədrisi zamanı şagirdlərə gələcəyin texnologiyalarından baş çıxarmaq bacarığı aşılanır.
Sonda mediatur iştirakçılarının sualları cavablandırılıb.

Elm və təhsil 2019-10-16 11:29:00