×
A
A
A
Sazlamalar

Birliyə səsləyən beynəlxalq tədbir

Bakı, 16 oktyabr, AZƏRTAC
Türkiyədəki Kayseri vilayətinin Develi bölgəsində “II Beynəlxalq Develi - Aşıq Seyrani və Türk Mədəniyyəti Konqresi” keçirilib. Bu il konfransın ev sahibi Develi Bələdiyyəsi olsa da, AMEA Folklor İnstitutu da təşkilatçılar arasında idi.
AZƏRTAC xəbər verir ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Əfqanıstan, KKTC-dən, Belçika və Yunanıstandan gəlmiş 134 nəfər elm və 40 nəfər sənət adamının iştirak etdiyi toplantının açılışı Develi Bələdiyyəsinin “Develi Mustafa Aksu Mədəniyyət Mərkəzi”ndə olub.
Tədbirin iştirakçısı olan AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova müxbirimizlə görüşündə deyib: “Toplantını təşkilat komitəsinin sədri Rəcəb Özkan açıb, Develi Bələdiyyə sədri Mehmet Cabbar, Develi icra nümayəndəsi Murad Duru, Kayseri Universitetinin rektoru, professor, Dr. Kurtuluş Karamustafa, Erciyes Universitetinin rektoru, professor, Dr. Mustafa Çalış, Kayseri böyükşəhər bələdiyyə sədri Memduh Böyükkılıç, Ankara Hacı Bayram Veli Universitetinin rektoru, Milliyətçi Hərəkət Partiyasında (MHP) millət vəkili, professor, Dr. Ruhi Ersoy çıxış ediblər.
Konfransın açılışında Səlcuqlar dövrünün geyimləri nümayişi etdirilib, yerli musiqiçilərin “Türk mədəniyyətində türkü və Kayseri-Develi türküləri” kompozisiyası (bu kompozisiyanın solisti və bağlama ifaçısı Azərbaycan əsilli müğənni Halit Aydın idi), Özbəkistan Respublikasının Buxara şəhərindən gəlmiş musiqiçilərin ifasında xalq rəqsləri və mahnılar, AMEA Folklor İnstitutunun əməkdaşı Fəridə Mirişovanın oxuduğu vətənpərvərlik mahnıları maraqla qarşılanıb.
Nahardan sonra Hacettepe Universitetindən professor, Dr. Mehmet Özün sədrliyi ilə keçən “Türk mədəniyyəti” adlı birinci paneldə Erciyes Universitetindən professor, Dr. Mustafa Ünal, Ankara Universitetindən professor, Dr. Saadettin Gömeç, Erciyes Universitetindən professor, Dr. Harun Ülgerin çıxışları dinlənilib. Günortadan sonra konfrans işini səkkiz bölmədə davam etdirib.
Növbəti gün Kazım Qarabəkirin qızı Timsal Qarabəkir Yıldıranın “Sabahı unutma, gələcəyə haqqın olsun” mövzusunda çıxışı dinlənilib. Sonra konfransın bölmə iclasları keçirilib.
Azərbaycandan getmiş 30-dək elm adamının üçü – AMEA Folklor İnstitutunun əməkdaşları – filologiya üzrə fəlsəfə doktorları, dosentlər Ləman Süleymanova, Sönməz Abbaslı, filologiya üzrə fəlsəfə doktoru Aynurə Səfərova, çıxışçılar arasında olmaqla bərabər, həm də bölmələrə moderatorluq ediblər.
Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın “Aşıq ənənələrinin dövrümüzə çatdırılması yollarında usta-şagird əlaqələri”, filologiya üzrə fəlsəfə doktoru Bənövşə Rzayevanın “Ululu Kərimin yaradıcılığında dini motivlər”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimovanın “Koroğlu – Azərbaycan xalq qəhrəmanlıq dastanı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərovanın “Aşıq Seyrani şeirlərində eşq anlayışı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslının “Qarabağ aşıq mühiti ilk mərhələdə”, Sevda Qasımovanın “Bəkir Çobanzadə türk xalqları folklorunun mənşəyi haqqında”, filologiya üzrə elmlər doktoru Ağaverdi Xəlilin “Aşıq şeirində mənəvi dəyər konsepsiyası”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasovun “Azərbaycan xalq dastanlarında qadın aşıq obrazı” mövzusunda məruzələri maraqla dinlənilib. Həmçinin filologiya üzrə fəlsəfə doktoru Gülsümxanım Hasilovanın “Bəxtiyar Vahabzadə yaradıcılığında mərasim folkloru”, filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanovanın “Qədim türk inanclarında sakral mədəniyyəti və Ongun obrazları”, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımovanın “Türk və qazax mədəniyyətində birləşdirilmiş qaydalar”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanovanın “Tamburçu Rəhmanov Əfqan Zeybeddin oğlunun ədəbi şəxsiyyəti”, Mehseti Süleymanovanın “Qaxac və bağırsaq dolmasından hazırlanan yəməklər” mövzularında çıxışları konfrans iştirakçılarında böyük maraq doğurub.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun göndərdiyi hədiyyələr nümayəndə heyəti adından Dəvəli Bələdiyyə sədri Mehmet Cabbara verilib.
Folklor İnstitutunun əməkdaşı, “Şirvan aşıq sənətinin xanəndəlik sənəti ilə qarşılıqlı əlaqəsi” mövzusunda məruzə edən Fəridə Mirişovanın açılış və bağlanış mərasimində oxuduğu mahnılar, xüsusilə “Çırpınırdın, Qara dəniz” mahnısı və Azərbaycanın üçrəngli bayrağını xatırladan geyimi iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Konfransın gedişi zamanı iştirakçılar 4 sərgi ilə də tanışlıq imkanı qazanıblar. Bunlar “Emrah Kaya: unudulmuş türk çalğıları”, “Mustafa Koç: rəssam gözündən Develi”, “Develi el sənətləri” və “Türksoy türk dünyası” (rəsm) sərgiləri idi.
Tədbirin sonuncu günü iştirakçılar Develiyə ekskursiya proqramına qatıldılar. Gəzinti zamanı Develinin qədim evləri, cami və türbələri, “Keşişin hovuzu”, “Sultan sazlığı” milli parkı, “Böyükleğen” gölməçəsi tarixi məkanları, Çanaqqala parkını gəzən konfrans iştirakçıları məmnunluqlarını dilə gətiriblər”.

Elm və təhsil 2019-10-16 11:21:00