×
A
A
A
Sazlamalar

Bir gündə 650 min ağac əkilməsi ölkəmizin yaşıllıqlar diyarına çevrilməsinə daha bir töhfədir

Bakı, 16 oktyabr, AZƏRTAC
Dünya poeziyasının ən kamil nümunələri sırasında özünəməxsus yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili” elan edilməsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti Mehriban Əliyeva bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük sənətkarın adının əbədiləşdirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri ekoloq, “Ekomonitorinq” şirkətinin direktoru Kənan Kərimli AZƏRTAC-a müsahibəsində bildirib.
K.Kərimli qeyd edib ki, bu təşəbbüs böyük ustad Nəsimi dühasının təbliği ilə bərabər, ərazisinin coğrafi mövqeyinə, rəngarəng iqliminə və təbii sərvətlərin müxtəlifliyinə görə dünyada bənzəri olmayan ölkəmizin yaşıllıqlar diyarına çevrilməsinə daha bir töhfədir. Aksiyaya görkəmli ədəbi şəxsiyyətin doğulduğu Şamaxı şəhərində start veriləcək. Bu təşəbbüslə əlaqədar rayonda ağac əkiləcək ərazilər müəyyənləşdirilir, ayrılan sahələr təmizlənir, hamarlanır, çalalar qazılır və digər hazırlıq işləri aparılır.
Bu təşəbbüsün ekoloji problemlərin həllində böyük rol oynayacağını bildirən ekoloq deyib: “Heç şübhəsiz, yaşıllıqların qorunması və ağacların əkilməsi bizim və gələcək nəsillərin həyatında böyük təsirə malikdir. Təbiətin bir incisi olan, dünyanın ən uzun ömürlü canlıları sırasında yer alan ağacların ətraf mühitin keyfiyyətinin sağlamlaşdırılmasına müsbət təsirlərini sadalamaqla bitməz. Belə ki, quşlar və digər heyvanlar üçün təbii yaşayış yerini təmin edən ağaclar strateji şəkildə əkildikdə enerji xərclərinə 25 faizə qədər qənaət edə bilər. Ağaclar yalnız yayda kölgə vermir, həmçinin qışda da küləyin qarşısını almaqda kömək göstərməklə yanaşı, yarpaqlarından suyu buxarlandırmaqla havanın temperaturunu aşağı salır. Orta ölçülü bir ağac 4 nəfərlik bir ailənin nəfəs alması üçün bir ildə kifayət qədər oksigen verir. Bundan başqa, ağaclar insanları rahatlaşdırır, onlara estetik zövq verir və stressi azaldır. Ağac qabığından tibdə dərman preparatlarının hazırlanmasında da istifadə olunur. Kəsilmiş ağacdakı halqalar onun yaşı haqqında məlumat verməklə yanaşı, həm də bizi keçmiş iqlim dəyişiklikləri barədə də məlumatlandıra, vulkan püskürməsi və ya güclü quraqlıq kimi ətraf mühit dəyişikliklərinin əlamətlərini göstərə bilər”.
Kənan Kərimli deyib ki, əkiləcək ağaclar sağlam mühit formalaşdırılmaqla yanaşı, həm də yağışları yavaşladaraq süzdükləri üçün suyun keyfiyyətini yaxşılaşdırmağa kömək edirlər. Bununla da içməli suya olan tələbatın keyfiyyəti optimallaşdırılacaq. Bu təşəbbüs ölkə əhalisinin yaşam səviyyəsini yüksəlməsində mühüm rol oynayacaq.
Qeyd olunub ki, torpağın münbitliyini artıran, bərəkət rəmzi sayılan, daşqın və quraqlıqların qarşısını alan ağaclar, həmçinin səs-küyü azaldır, qoxuları və çirkləndirici qazları udur, hissəcikləri havadan ayıraraq yarpaqlarına və qabıqlarına yapışdırır.
Qeyd etmək yerinə düşər ki, salınacaq yaşıllıq sahələri torpağın eroziyadan qorunmasında və sürüşməyə meyilli ərazilərdə əvəzedilməz rola sahibdirlər.
Bir gənc ekoloq olaraq bu təşəbbüsə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm.

Ekologiya 2019-10-16 08:05:00