Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Azəriqaz” Lənkəranda fərdi sahibkarlara xidmət haqqının ödənilməsinin dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirib

Bakı, 15 oktyabr, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi Lənkəranda fərdi sahibkarlara xidmət haqqının ödənilməsinin dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, son günlər “Azəriqaz”ın Lənkəran Regional Qaz İstismar İdarəsinin rayon Xidmət Sahələrində mülki müqavilə ilə işləyən fərdi sahibkarlara xidmət haqqının ödənilməsinin dayandırılması ilə bağlı bəzi internet resurslarında məlumatlar yerləşdirilir. Bu barədə aşağıdakıları diqqətə çatdırmaq istəyirik.
Belə ki, “Azəriqaz” İB ilə mülki müqavilə münasibətində olan bir qrup fərdi sahibkar Lənkəran Şəhər Statistika İdarəsinin müvafiq məktubu əsasında əhalinin siyahıyaalınması ilə bağlı siyahıyaalma məntəqələrində işə cəlb edildiklərini, birliyin isə belə cəlbetməyə şərait yaratmasına baxmayaraq, həmin dövr üzrə xidmət haqlarının onlara ödənilməsindən imtina etdiklərini bildirib və ödənilməyən xidmət haqlarının hesablanaraq onlara verilməsini xahiş ediblər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2016-cı il 16 dekabr tarixli Qərarına əsasən, bu il oktyabrın 1-dən 10-dək ölkəmizdə əhalinin siyahıyaalınması keçirilib. Bu qərarla əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması, o cümlədən siyahıyaalmaya cəlb ediləcək şəxslərin əmək və xidmət haqlarının ödənilməsi və digər təşkilati məsələlərin həllinin təmin edilməsi qaydaları və şərtləri müəyyən edilib. Həmin qərarın 11-ci bəndində siyahıyaalma məntəqələrinin işçilərlə komplektləşdirilməsinin rayon (şəhər) məşğulluq orqanlarında işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxsləri, iş yerlərində əməkhaqları saxlanılmaqla yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların işçilərini, müəllim və tələbələri, uçot sahəsində səriştəsi olan digər şəxsləri mülki-hüquqi müqavilələr üzrə cəlb etməklə həyata keçirilməsi nəzərdə tutulub.
Göründüyü kimi, qərarın bu bəndində qeyd edilmiş əməkhaqqının saxlanılması halı, dairəsi həmin bənddə sadalanan şəxslərdən məhz işəgötürənlə fərdi qaydada əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində əməkhaqqı ödənilməklə çalışan fiziki şəxslərə aid edilir. Belə ki, Əmək Məcəlləsinin 179-cu maddəsində işçilərin iş yerinin və orta əməkhaqqının saxlandığı halların dairəsi dəqiq müəyyən olunub. Birliyin əmək müqaviləsi ilə işləyən işçilərinin iş yeri və əməkhaqları məhz bu maddədə qeyd edilən hallarla bağlı saxlanılır. “Azəriqaz”da mülki müqavilə ilə işləyən fərdi sahibkarlara ödənilən xidmət haqqının saxlanması halı nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarında, nə də ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmayıb. Lakin buna baxmayaraq, belə fərdi sahibkarların maddi vəziyyətini və digər sosial amilləri nəzərə alaraq, müstəsna hal kimi onlara siyahıyaalmaya cəlb edildikləri dövrdə xidmət haqqının hesablanıb ödənilməsi birlik tərəfindən qərara alınıb.
Həmçinin, fərdi sahibkarların hazırkı vaxtadək xidmət haqlarını almamaları barədə şikayətlərində qeyd etdikləri ilə bağlı bildiririk ki, “Azəriqaz”da fərdi sahibkarlar arasında bağlanmış müvafiq xidmət müqaviləsinin şərtlərinə əsasən xidmət haqqı, göstərilmiş xidmətə görə təqdim olunan elektron qaimə fakturalar, eləcə də elektron vergi hesab fakturaları yoxlanıldıqdan və müvafiq aktlarla üzləşdirildikdən sonra bu ayın 12-16-sı tarixləri ərzində tərəfimizdən onların bank hesablarına ödənilir. Bununla da birlik müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirmiş olur.
Odur ki, sadalanan bu əməliyyatların aparılmasının müəyyən vaxt tələb etməsi müvafiq xidmət haqqının fərdi sahibkarların kart hesabına dərhal köçürülməsini mümkünsüz edir. Bununla belə, yaxın gələcəkdə xidmət haqları tam olaraq fərdi sahibkarların kart hesabına köçürüləcək.

 

Regionlar 2019-10-15 18:51:00