×
A
A
A
Sazlamalar

Xüsusi qayğıya ehtiyacı olan şəxslərə diqqətin artırılması məsələləri müzakirə edilib

Bakı, 15 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda sosial sahədə görülən islahatların və həssas qruplarla bağlı görülən xidmətlərin və işlərin əlçatanlılığı, İctimai Şuranın il ərzində gördüyü işlərin, vətəndaş müraciətlərinə dair fəaliyyətin səmərəliliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrası istiqamətində nəzərdə tutulan tədbirlər müzakirə olunub.
İclasda İctimai Şura sədri Umud Mirzəyev ölkəmizdə aparılan sosial siyasətinin ildən-ilə güclənməsi və əhatə dairəsinin genişlənməsindən, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində görülən işlərdən danışıb. O, həssas qruplarla əlaqədar işlərin görülməsində səmərəliliyin artırılması, əlçatanlığın və ünvanlılığının təmin edilməsi istiqamətində işlərin əhəmiyyətindən danışıb, son vaxtlar cəmiyyətdə müzakirə olunan ünvanlı sosial yardım, özünü məşğulluğun təmin edilməsi və “uşaq pulu” məsələlərinə toxunub.
O, ölkəmizdə ümumən sosial təminat növləri ilə təmin olunan uşaqların sayının 585 minə çatdığını və onların hərbi xidmətçilərin övladları, ailə başçısını itirmiş uşaqlar, yeni doğulan körpələr, ünvanlı sosial yardımdan yararlananlar və s. kateqoriyalara aid edildiyini bildirib. “Uşaq pulu” adlandırılan aylıq müavinət növünün sosial-iqtisadi əsaslandırılmasının vacib olduğunu, bu sahədə eləcə də digər sahələrdə ünvanlı yanaşmanın düzgün olduğunu qeyd edib.
İctimai Şuranın iclasında şura üzvləri Mirhəsən Həsənov, Əliməmməd Nuriyev, Məmmədhəsən Həsənov və Mehriban Zeynalova dövlətin xüsusi qayğıya ehtiyacı olanlarla əlaqədar görülən işlərdən, sosial islahatların səmərəliliyinin təmin edilməsindən, eləcə də xüsusi qayğıya ehtiyacı olanların, uşaqların sosial islahatlardan yararlanmaları üçün ünvanlılıq prinsipindən, əhalinin aztəminatlı insanlarının informasiya bankının yaradılmasından danışıblar.
Şura üzvləri İradə Zeynalova, Şəhla Kərimova, Davud Rəhimli, Şəhla Kərimova və Zaur Quliyev vətəndaşların sosial təminatında, sağlamlığını itirmiş vətəndaşların müharibə əlilləri, şəhid ailələri kimi dövlət təminatından bəhrələnməsindən, əlilliyin təyin edilməsində şəffaflığın təmin olunması, təhsil və özünüməşğulluq sahəsində maarifləndirmə işinin aparılmasına toxunublar.
Şura üzvləri Akif Kərimov, Mehdi Mehdiyev İctimai Şuranın əvvəlki tədbirlərində, rəsmilərlə görüşlərdə qaldırılan məsələlərin izlənilməsinin vacib olduğunu qeyd edib, əlilliyin araşdırılması üzrə komissiyanın işində vətəndaş cəmiyyəti qurumlarının iştirakı və sosial təminatın sığortalanması məsələlərindən danışıblar.
Şuranın sədri Umud Mirzəyev “Xüsusi qayğıya ehtiyacı olan şəxslərlə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Bərdə və Quba rayonlarında xüsusi qayğıya ehtiyacı olan vətəndaşların maarifləndirilməsi, sosial islahatlara əlçatanlılığı məsələlərinin qiymətləndirilməsi istiqamətində keçiriləcək tədbirlərdə aktiv iştirakın əhəmiyyətindən danışıb.

Sosial 2019-10-15 17:51:00