×
A
A
A
Sazlamalar

Tanınmış musiqişünas alim Seyran Qafarovun xatirəsi anılıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də Azərbaycan Bəstəkarlar İttifaqında istedadlı musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) dosenti Seyran Qafarovun anadan olmasının 50 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Əməkdar İncəsənət xadimi, professor Zemfira Qafarova və musiqişünas Nərgiz Qulamovanın tərtibçiliyi ilə işıq üzü görən kitabın da təqdimatı olub. Kitaba Seyran Qafarovun müxtəlif illərdə elmi jurnallarda, dövrü mətbuatda Azərbaycan, türk və rus dillərində ölkəmizdə və xaricdə dərc olunan məqalələri, müsahibələri, konfrans materialları toplanıb.
Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə Seyran Qafarovun qısa, lakin mənalı ömür yolundan, zəngin yaradıcılıq axtarışlarından danışıb.
Bildirilib ki, Seyran Qafarov 1969-cu il oktyabrın 2-də Bakıda anadan olub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tarixi-nəzəriyyə və ifaçılıq fakültələrini bitirib. 1993-1997-ci illərdə BMA-nın “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasında işləyib. 1997-2010 illərdə Türkiyədə ixtisası üzrə pedaqoji fəaliyyət göstərib. Həmçinin Bakı Musiqi Akademiyasında Musiqi tarixi kafedrasında baş müəllim işləyib. O, gənc musiqiçilərə Qərb musiqi tarixi, Asiya və Afrika xalqlarının musiqisini tədris etməklə yanaşı, BMA-nın laboratoriyasında Azərbaycanın qədim musiqi aləti ney haqqında elmi araşdırmalarını davam etdirib. S.Qafarovun 2007-ci ildə Azərbaycanda müdafiə etdiyi dissertasiya işi, 2010-cu ildə Türkiyənin Baş Attestasiya Komissiyası tərəfindən doktorluq elmi dərəcəsi ilə təsdiq olunub.
Diqqətə çatdırılıb ki, Seyran Qafarov Türkiyə və Azərbaycanda bir sıra beynəlxalq simpozium və konfranslarda elmi məruzələrlə çıxış edib, nüfuzlu elmi toplularda məqalələri dərc olunub. O, 2012-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçilib.
“Zemfira Qafarovanın ailəsində dünyaya göz açan Seyran Qafarov harada işləməsindən asılı olmayaraq hər zaman öz çoxşaxəli fəaliyyəti, yüksək mədəniyyəti, istedadı, bacarığı ilə seçilib, fərqlənib. Ömrünün 49-cu payızında vəfat edən Seyran Qafarovun Azərbaycan musiqişünaslığının tədqiqinə verdiyi töhfələr onu bütün zamanlarda xatırladacaq”, -deyə Azərbaycan Bəstəkarlar İttifaqının sədri vurğulayıb.
Seyran Qafarovun 50 illiyi münasibətilə işıq üzü görən kitabla bağlı fikirlərini bölüşən nəşrin elmi redaktoru Firəngiz Əlizadə bu işdə Nərgiz Qulamovanın böyük zəhməti olduğunu söyləyib.
Tədbirdə Əməkdar incəsənət xadimi, fəlsəfə elmlər doktoru, professor Gülnaz Abdullazadənin, “Seyran Qafarovun elmi-yaradıcılıq fəaliyyəti”, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanovanın “Seyran Qafarovun pedaqoji fəaliyyəti haqqında”, geologiya və mineralogiya elmləri doktoru Rahid Rəhmanovun “Seyran Qafarov- Səadət Abdullayevanın elmi ənənələrinin davamçısı kimi” və digər alimlərin məruzələri dinlənilib.
Sonda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova oğlunun xatirəsinə göstərilən ehtirama görə bütün iştirakçılara minnətdarlığını bildirib.
Tədbir musiqili proqramla davam edib.

Mədəniyyət 2019-10-15 17:34:00