×
A
A
A
Sazlamalar

Azərbaycan və Macarıstan alimlərinin humanitar elm sahələrində tədqiqat imkanları genişləndirilir

Bakı, 15 oktyabr, AZƏRTAC 

Oktyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Macarıstanla humanitar elm sahəsinə dair yeni əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
Görüşdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli və Macarıstanın İrs Evinin incəsənət direktoru İştvan Pal folklorşünaslıq sahəsində etnoqrafik tədqiqatlar, xalq rəqsi və xalq musiqisi topluları ilə bağlı birgə tədqiqat layihələrinə start vermək və digər istiqamətlərdə fəaliyyətə dair əməkdaşlıq sazişi imzalayıblar. Həmçinin AMEA-nın Folklor İnstitutu ilə də niyyət protokolu imzalanıb.
Akademik Teymur Kərimli macarıstanlı nümayəndələri bu elm ocağında görməkdən məmnun olduğunu ifadə edib. Görüşdə tərəflər iki qurum arasında mövcud əməkdaşlıq əlaqələrindən və bu münasibətləri daha geniş müstəvidə inkişaf etdirməyin, o cümlədən müxtəlif elm sahələri üzrə davam etdirməyin zəruriliyindən danışıblar. Müqavilənin humanitar elm sahələrində hər iki ölkənin alimlərinin tədqiqat imkanlarının genişləndirilməsinə şərait yaradacağı vurğulanıb.
İmzalanma mərasimində Macarıstan səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə diplomatı Mihay Qruber, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə də iştirak ediblər.

Elm və təhsil 2019-10-15 17:26:00