×
A
A
A
Sazlamalar

Oğuzda məntəqə seçki komissiyalarının sədrləri seçki hüququ üzrə maarifləndirilirlər

Oğuz, 15 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

117 saylı Oğuz-Qəbələ seçki dairəsində oktyabrın 15-də başlanan seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara dairə seçki komissiyasının 9 üzvü və 56 məntəqə seçki komissiyasının sədrləri cəlb edilib.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil olunan və üç gün davam edəcək kurslar dairə seçki komissiyaları üzvlərinin və məntəqə seçki komissiyaları sədrlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kursların birinci günü Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Yusubov, Rayon Məhkəməsinin sədri Kamran Süleymanov və Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Ramil Şükürovun məruzələri dinlənilib. Seminar iştirakçılarına seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması, həmçinin seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri barədə ətraflı məlumat verilib.
Sonra 117 saylı Oğuz-Qəbələ seçki dairəsi dairə seçki komissiyasının sədri Rəsul Cəfərovun aparıcılığı ilə “Seçici siyahıları ilə iş qaydası” mövzusunda seminar məşğələ keçirilib, məntəqə seçki komissiyaları sədrlərinin müzakirə olunan məsələlərlə bağlı sualları cavablandırılıb.

Regionlar 2019-10-15 17:23:00