×
A
A
A
Sazlamalar

Türkiyədə ikinci Beynəlxalq Aşıq Şenlik Festivalı keçirilib

Bakı, 15 oktyabr, AZƏRTAC

Türkiyənin Qars şəhərində ikinci Beynəlxalq Aşıq Şenliyi festivalı keçirilib. Dünya Qarapapaq Türkləri Birliyinin (KARPAT) təşkilatçılığı ilə reallaşan festivala Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb. Azərbaycan Aşıqlar Biliyindən AZƏRTAC-a məlumat verilib ki, festivalın birinci günündə Aşıq Şenliyin Çıldırdakı abidəsi və doğulduğu Suxara kəndindəki məzarı ziyarət olunub, eləcə də KARPAT-ın Arpaçayda tikdirdiyi mərasim evinin açılışı olub.
İkinci gün isə Qarsda KARPAT-ın mədəniyyət mərkəzinin açılışı olub, sonra isə festival öz işini şəhərin böyük mədəniyyət mərkəzində davam etdirib. Qars aşıqları ilə yanaşı, Azərbaycan, İran və Gürcüstandan da aşıqların və incəsənət ustalarının qatıldığı festivalın açılışında KARPAT başqanı Erkan Koçalı çıxış edərək Türk mədəniyyətində aşıqlığın rolundan və Aşıq Şenliyin bu sənətdə böyük xidmətlərindən söz açıb. Azərbaycan Aşıqlar Birliyinin katibi, Musa Nəbioğlu isə öz çıxışında Azərbaycan və Türkiyə aşıqlarının son illərdəki qarşılıqlı yaradıcılıq əlaqələrinin genişlənməsindən, onların bu cür tədbirlərdə birgə iştirakının əhəmiyyətindən və Aşıq Şenliyin ustad aşıq kimi, Azərbaycanda da yaxşı tınınıb sevilməsindən danışıb, Aşıq Şenliklə bağlı folklorşünas alimlərimizin sanballı əsərlər yazdıqlarını vurğulayıb.
Festivalın bədii hissəsində Azərbaycandan getmiş aşıqlardan Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva, Faxfur Ağbabalı və Qabil Abduyevin çıxışları tamaşaçıların rəğbətini qazanıb.
Festivala dəvət almış müğənnilərdən Əməkdar artist Nuriyyə Hüseynova, Marat Darvazlı, Rövşən Civişov, Günay Şuşalı və digərlərinin çıxışları da yerli tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.


Mədəniyyət 2019-10-15 17:02:00