×
A
A
A
Sazlamalar

“Şəhərdən Kəndə” aqroekoturunun budəfəki iştirakçıları tələbələr olub

Bakı, 15 oktyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində 6-cı Alma bayramı ilə əlaqədar Quba şəhərinə tur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, turun iştirakçıları Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Həmkar Könüllü” Proqramının üzvləri olublar.
Proqram üzvləri turda iştirak edərək, ölkəmizdə aqroturizmin inkişafına öz dəstəklərini göstəriblər.
Tələbələr tura Quba şəhərindəki Heydər Əliyev adına mədəniyyət istirahət parkında təşkil olunan Alma bayramında iştirak etməklə başlayıblar. Ölkəmizin turizm imkanlarının və milli adət-ənənələrimizin tanıdılması məqsədi daşıyan festivalda tələbələr müxtəlif alma sortları və onlardan hazırlanan məhsullarla (şirniyyatlar, içkilər və sair) tanış olublar. Həmçinin onlar festival ərazisində qurulan azsaylı xalqların mətbəxini və həyat tərzini əks etdirən müxtəlif kompozisiyaların nümayiş etdirildiyi stendlərə, o cümlədən “Şəhərdən Kəndə” stendinə baş çəkiblər. Tələbələrə ATT tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə”, “Kənddən Şəhərə” və “AFAQ” layihələri barədə ətraflı məlumat verilib.
Qonaqlar günün ikinci yarısında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD Factory” İstehsalat Kompleksində baş tutan seminar və müzakirələrdə iştirak ediblər. Kompleksdə tələbələr bir dəfəyə 140 kiloqram quru meyvə, gündəlik min litr süd və 600 kiloqram ət və ət məhsulları, saatda 110 kiloqram qənnadı məmulatı və 1200 banka kompot istehsal gücünə malik 5 istehsalat sahəsi ilə tanış olublar.
Tur çərçivəsində tələbələrin Quba Memorial Kompleksi və Qırmızı qəsəbəyə ekskursiyası da təşkil olunub.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi çərçivəsində həftəsonları müxtəlif regionlarda yerləşən fermer təsərrüfatlarına turların təşkili artıq ənənə halını alıb. Layihənin növbəti – “Şamaxı kənd həyatı” turu oktyabrın 19-da baş tutacaq.

Kənd təsərrüfatı 2019-10-15 17:01:00